Ayaz Arabaçı : - Məğlubiyyət dəftəri..

YAZARLAR 08:30 / 25.06.2025 Baxış sayı: 2528

 

Adətən müharibədə uduzan tərəfin məğlubiyyət səbəbi canlı qüvvə və ya hərbi texnika itkiləri ilə ölçülmür. Bu məğlubiyyət çox zaman sükutnan imzalanan atəşkəslərdə, xalqın qəlbindəki sınıqlarda və ideoloji boşluqlarda əks olunur.

Deyilən xəbərlərə inansaq, İran-İsrail savaşında silahlar susdu, atəşkəs əldə olundu, ancaq yaranan səssizlik hər iki tərəfin müxtəlif şəkildə itkilərə məruz qaldığını göstərdi.İran üçün bu atəşkəs, yalnız bir diplomatik sənəd deyil, məğlubiyyət dəftərinin ilk səhifəsidir.

İran illərdir ki, İsraili "şeytani varlıq", onun yaranmasını isə "xəritədə bir yanlışlıq" adlandırırdı. Qəzzə, Hizbullah və digər regional dəstələri ilə yürütmək istədiyi mübarizə İranın müqavimət olaraq tanıtdığı ideologiyanın dayağı idi. Lakin bu savaş, bir şeyi açıq göstərdi:

Əgər sənin boşluğunu xalqın güvəni doldurmursa gurultulu sözlər raketlərdən güclü olmayacaq.

İranın daxilində sosial və iqtisadi böhranlar, gənc nəsildə sistemə olan inamsızlıq artdıqca, İsrailə qarşı yürüdülən simvolik savaş məğlubiyyətə çevrildi. Çünki ordu zəif deyildi, ordunun ruhu yorulmuşdu.

Bir də açıq-aydın texnoloji və kəşfiyyat üstünlüyü göz qabağındaydı.

Həm də güc, sadəcə texnoloji fərqdə deyildi,İranın savaş mexanizminin köhnəlmişliyində və səfərbərlik mexanizminin zəifliyində idi.

İsrail hədəfləri zərgər dəqiqliyi ilə vurdu. İran isə təzyiq etməyə çalışdı, amma nəticədə daha çox itkilərə məruz qaldı.

Bir sözlə geosiyasi olaraq tənha qaldı.

Bu savaşda İranın tərəfdaşları – Livan, Suriya, Yəmən və HƏMAS ona istənilən dəstəyi verə bilmədi. Ərəb dünyasının çoxu susdu, bəziləri isə İrana qarşı heç bir mövqe sərgiləmədi. Bu isə İranın Orta Şərqdə yürütdüyü"şiəlik" strategiyasının siyasi təcridə uğradığını göstərdi.

İran bu savaşı xalqına "qələbə" kimi təqdim etməyə çalışsa da, sosial mediada və cəmiyyətin içində ölən gənclərin fotoları, dağılan evlər, işıq və çörək çatışmazlığı başqa şeylər deyir. İran xalqı savaşın içində yox idi savaş, xalqın üstünə çökmüşdü.İndi atəşkəsdir və bu ən azından savaşdan yaxşıdır.

Amma bu atəşkəs sənədi, diplomatik ifadə deyil. Bu bir rejimin öz xalqını, öz iqtisadiyyatını və öz ideologiyasını tükəndirmə sənədidir...

Savaş bitdi, amma...

Savaşlar bəzən səssiz başa çatır. Silahlar susar, atəşkəs imzalanar... Amma məğlubiyyət, sənədin imzalandığı masada yox, xalqın susduğu sükutda yazılar.

İran bu savaşda bəlkə də "tam" uduzmadı. Amma öz ideologiyasını, xalqının ümidini və geosiyasi iddiasını itirdi. Və bu hərbi itkilərdən daha dərin, daha ağırdır..