Adilə Nəzər -Bəlkə çağırım gələsən?

***
Təkcəsən, tənhasan, adam,
Bəlkə çağırım gələsən?
Külək kimi ötüb keçib,
Təptəzə ağrım, gələsən...
Yuxulara qalıb pənah,
Mənə baxıb udursan ah...
Qulaqlarım batır, vallah,
Sənin sükutundan daha.
Bəlkə bir söz, bir baxışla,
Bəlkə köhnə bir salamla,
Gəlib deyəsən, -Bağışla,
Sənsiz yarımam, tamamla.
Səni çağırmaq – öhdəlik,
Amma susmaq da çətindir.
Qaya – səssizlik gözəllik,
Adam – səssizlik yetimdir.
Mənsə... mən məhkum-azadam,
Sən məni hardan biləsən?
Təkcəsən, tənhasan, adam,
Bəlkə çağırım gələsən?
Adilə Nəzər 25.07.2025