İSMAYIL İMANZADƏ : - DÜNYA SEVİLMƏYƏ LAYİQ DEYİLMİŞ

Aldandıq dilinə hər addımbaşı,
Getmədi bir kəslə heç vaxt yanaşı.
Əzəli toy-büsat, sonu göz yaşı,
Dünya sevilməyə layiq deyilmiş!
Məzlumu tapdayıb saldı urvatdan,
Zalıma yol açdı “yeddinci qat”dan.
Bolluca vəd verdi... çıxartdı yaddan,
Dünya sevilməyə layiq deyilmiş!
Saldı aralığa ayrı-seçkilik,
Nə elm başa keçdi, nə savad, bilik...
“Şahlıq qapısı”nda söz cilik-cilik,
Dünya sevilməyə layiq deyilmiş!
Pərsəngə züy tutdu mizan-tərəzi,
Şeytandan törətdi kini, qərəzi.
Cəng imiş, savaşmış qorxunc mərəzi,
Dünya sevilməyə layiq deyilmiş!
Yalanı dillərdə “albayraq” etdi,
Məddahı həm sütun, həm dayaq etdi.
Düz sözü fırladıb baş-ayaq etdi,
Dünya sevilməyə layiq deyilmiş!
24.07.2023