Arzu Əsəd : - Əbədi şimal qonşumuz...

Son dərəcə keşməkeşli, dəyişkən geosiyasi vəziyyət göstərir ki, daha tərəfsiz, tək, bloklara qoşulmadan yaşaya bilmək mümkün deyil. Türk Dövlətləri Birliyi daha hansısa milli-mədəni amil istəyi kimi deyil, tarixi zərurət kimi qarşıda durur.
Əbədi şimal qonşumuzu da gözardı edə bilmərik. Bizim Rusiyadan tamamilə uzaqlaşmaq istəyimiz onun varlığı və təhlükəsizliyi üçün zərərlidir. Çünki onunla eyni sərhədi olan cənub qonşuyuq. Öz təhlükəsizliyimizi düşünürüksə onun da bizimlə bağlı olan təhlükəsizlik perspektivlərini düşünmək məcburiyyətindəyik. Türk Dövlətlər Birliyi də öz coğrafi mövqeyinə görə Rusiya ilə qarşılıqlı əlaqələr və mənafe birliyi içində yaradıla bilər. 44 günlük Qarabağ müharibəsində neytral mövqe tutan Rusiya göstərdi ki, artıq yeni tarixi şəraitdə rasional siyasət yürüdə bilir. Yüzillik çar Rusiyası və 70 illik sovet dönəmi də Azərbaycan-türk varlığı, dili, mədəniyyətinin Rusiya ilə hətta ən irticaçı rejimdə belə öz immuniteteini qoruyub saxlaya bildiyi faktını tarixi yaddaşımıza həkk edib.
Rus dilindən, rus mədəniyyətindən qorxmaq lazım deyil. Əksinə, onun üstünlüklərindən istifadə etmək lazımdır. Bizim bəzi rusdilli ziyalılarımız Azərbaycan dilində özlərini yaxşı ifadə edə bilmədiklərinə görə rus dilinin müdafiəsi ilə əlaqəli çıxışları böyük narazılıq və səs-küylə qarşılanır. Lakin bu səs-küy o ziyalıların demək istədikləri, lakin ifadə edə bilmədikləri son dərəcə rasional fikirləri də batırmamalıdır.
Mübahisə hansısa bir fikri deyən şəxsin özünə, şəxsiyyətinə qarşı yönəlməməlidir, həmin mübahisənin predmeti olan fikrə, və o fikrin ifadə olunduğu kontekstə, tarixi şəraitə yönəlməlidir. Siyasət dəri deyil, siyasət paltardır. Siyasəti dəyişmək dərisini, əqidəsini dəyişmək demək deyil, dərisini salamat saxlaya bilmək deməkdir. Beynəlxalq geosiyasi iqlimi nəzərə alıb yayda qoluaçıq paltar, qışda isə isti palto geyinmək lazımdır. İnkişaf etmiş millətlər sağ, sol və mərkəz deyə siyasi qüvvələr, partiyalar vasitəsilə lazımi tarixi şəraitdə öz daxili və beynəlxalq siyasətlərini 180 dərəcə dəyişə bilirlər.
Mütəhərrik, manevrqabiliyyətli olmasaq, tarixi şəraitə uyğun olaraq Azərbaycanın mənafeyini böyük güclərlə uzlaşdıra bilməsək aqibətimiz üç yüz il bundan əvvəlki hindu qəbilələrinin aqibətinə dönər. Əqidə dəridir, paltar deyil. Dərini, varlığını saxlamaq üçün siyasəti dəyişmək vacibdir. Nə qədər "əqidəsizlik" kimi görünsə də, siyasi təfəkkür tarixi şəraitə uyğun olaraq dəyişiklik tələb edir. Tələb edir ki, uşaqlarımıza doğma dilimizlə yanaşı həm ingilis, həm də rus dilini eyni ağırlıqla öyrədək, "Azərbaycanın əbədi xoşbəxtliyini" də bu geosiyasi fırtınalarda siyasi kompasın əqrəblərinin göstərdiyi istiqamətə müvafiq olaraq fırtınanın ata biləcəyi yönə bağlayaq. Əbədi xoşbəxtlik əbədi dəyişə bilmək bacarığı tələb edir. Əlbəttə ki, sabit kökləri üstündə.