Aida Adıcözəl : - Yurdun yaz çələngi

Düzlər sinəsinə səpdi laləni,
yamaclar söylədi: - bənövşəni üz.
Dağlar qəzəbindən göyərdi gömgöy,
baş aldım çöllərə, dərə-təpə düz.
Geydim dəmir çarıq, qurşağımda şal,
yumurta döyüşdüm, bacalar pusdum.
Gah Keçələ döndüm, gah da Kosaya,
qapılar dinşədim, kövrəlib susdum.
Çıxdım şəppəxeyir süfrə başına
löyün təamlardan novxəliş etdim.
Vurdum Bakımızdan çıxdım Gəncədən,
Şuşa yaxın qaldı, Laçına getdim.
Ürəyim yuxaldı nəsə Ağdamda,
Qədirdi deyəsən, oxudu muğam.
Ayağım kiltləndi, ürəyim əsdi,
baxdım ruhum uçub, haçandı yoxam.
Azca diz qatladım Kəlbi Həcərdə,
qanım buxarlandı İstisu kimi.
Gözümdən axırdı Həkəri çayı,
kimsə Gavurarxdan açırdı himi.
Sürü səsləriydi dərə aşağı,
Oxçuçay hikkəli, yolu azırdı.
Kimsə "Meyvələrlə söhbət" edirdi,
Füzuli babammış... dastan yazırdı.
Yaman darıxmışdı Haramı düzü,
qulağı səsdəydi Xudafərinin.
Demə Qubadlıda izi qalıbmış
yurdun qaçaq düşən Nəbilərinin.
Gəzdim asta-asta yaralı yurdu,
uçuq kalafalar üstümə qaçdı.
Tapşırdım Vətəni Bahar qızına,
əlində məlhəmi qolların açdı...