Adilə Nəzər - İlk uduzan biz deyilik həyata,

Ədəbiyyat 08:35 / 01.09.2025 Baxış sayı: 1841

***

İlk uduzan biz deyilik həyata,

bizdən əvvəl də çox oldu

bir parça ümidini torpağa basdıran,

bir qurtum sevgisini ürəyində boğan...

Bizdən sonra da olacaq

öz səsini eşitməyən,

öz gözünə yadlaşanlar.

Dünya karvan yoludur -

sarvanı nə dayanar,

nə geriyə dönər...

Ayağı yaralı,

gözləri yaşlı da getsən

gedəcəksən, dostum.

Üzülmə...

ahın heç nəyi dəyişməyəcək,

amma gülüşün

bəlkə birinə ümid qapısı açacaq,

kiminsə qaranlığını aydınlanacaq.

Sən

hərdən təbəssüm qondur üzünə,

bax, bu dünyanın pəncərəsindən...

Gülümsə...

30.08.2025