Xatirə Rəhimbəyli - ÖLMƏ
Nə tez-tez deyirsən :"Ölürəm daha "
Ağzından yel alsın ,nə sözdü ,ölmə!
Sənin ölünü də qıymazlar mənə,
Ölü diridən də əzizdi,ölmə!
Mənim başım çıxmaz küydən-kələkdən,
Ətrini alıram əsən küləkdən ...
Adın xatirimdə güldən-çiçəkdən
Göylərdə mələkdən təmizdi ,ölmə!
Dilim dönməz deyəm ,zalımsan ,pissən ,
Noolsun ki,indi əğyarla dostsan .
İlahi ülfəti min yol da pozsan ,
İlahi sevgilər ölməzdi ,ölmə!
25.11.2014.