Xanım İsmayılqızı : - Bu bayram axşamında.

Yanaraq yaşamaqçün pərvanə şama qonur,
Ay hardansa qaçaraq gözəl axşama qonur,
Arzuların üzünə qərib oxşama qonur
Bu bayram axşamında.
Niyyətlərin içində yetişilir məqsədə,
Şükür edən də olur pay aldığı qismətə,
Ruhların görüşüylə can verilir həsrətə
Bu bayram axşamında.
Könüldən könüllərə yol çəkilir, iz düşür,
Ürəkdən keçənlərə böyük sevgimiz düşür,
Kiməsə əllərimiz, kimə qəlbimiz düşür
Bu bayram axşamında.
Müqəddəs Quranımız kəlmə-kəlmə oxunur,
Saatın, dəqiqənin, saniyənin çoxu nur,
Bütün dualarımız Tanrımıza toxunur
Bu bayram axşamında.