Şakir Xanhüseyn : - ağa baxıram bir saflıq,

***
ağa baxıram bir saflıq,
qaraya baxıram sirlilik, mübhəmlilik...
dünya qərar tutub ağda, qarada,
insan, taleyiylə qalıb arada...
ağa bax- gözünün doyumluluğu,
qarada bir yuxu,
gizlədir özündə dərinliyini,
saxlayır həmişə gizlinliyini...
qara da bir üzdü, ağ da bir üzdü,
qarada neçə üz ağda bir üzdü...
nurlu bir çöhrədə təbəssümdü ağ,
bir də könül alıb qan qaraltmamaq...
qara düyün vurur, ağ düyün açır,
ağda şirinlik var, qarada acı...
ağ, bir xəyaldı ki, məni hey çəkir,
ruhum azad ikən eləyir əsir...
ağı qoy qaranın yanında seyr et,
gözün işıqlansın, üzün nurlansın...
İKİ daş arasında,
zülmətin cəngində işığın yansın...
yolun ağına düş,
elə bir arzunun qarasınca get...
ağda yorulmazsan, bir hovur dayan,
nəfəs dər bir an...
bir əl uzansın;
gördüyü hər kəsdən işıq diləsin,
ülfət istəsin,
hamı çaşbaş qalsın
bir şəfqətli qəlbin nur istəyinə,
ağdan işıq düşsün qoy ürəyinə-
haqdan işıq düşsün qoy ürəyinə!..