Ramiz Qusarçaylı - Təbrizə yağış yağır
Çoxdandı sənsizəm, Təbrizim...
Təbrizə yağış yağır,
Yuyur güllü otları.
Öpüşür bir-biriylə
Ürəyimin çatları.
Bu yağışlı gecənin
Qoxusu var,-
sapsarı.
Göylər çəkir canına
İslanan işıqları...
İslanan işıqların
Nəmdən keçir hər simi.
Gümanım pərişandı
Gülsüz “Gülüstan” kimi.
Urmu cadar-cadardı,
Yanır duz dağlarından.
Tanrı öpür gizlicə
Duzlu dodaqlarından.
Dolub Qarı körpüsü
Qəmin qara meyindən.
Acı çəkir Acı çay
Acı şirinliyindən...
Ümidim göy üzündən
Üzülür mələk-mələk.
Ovuldum ovum-ovum
Kəndovanın bağrı tək.
Şah gölü göz yaşının
Göllənir lal yerində.
Ovunuram ahımla
Dərdimin bal yerində.
Göy bulud göydən qərib
Ağ duman ağ tül üstə.
Yarpaq öpür yarpağı,
Gül sərilir gül üstə.
Təbrizə yağış yağır,
Yuyur güllü otları.
Öpüşür bir-biriylə
Ürəyimin çatları.