Lilpar Cəmşidqızı : - QƏZƏL   (Hərdən)

Ədəbiyyat 11:59 / 19.07.2025 Baxış sayı: 1652

 

Xəyalı yarımın, ey dil, gəlir, gedir hərdən,

Alır bu ağlımı başdan, cünun edir hərdən.

 

Sıxanda könlümü həsrət, de neyləyim, ey yar?

Uzaq edən səni məndən görən nədir hərdən?

 

Toxunma ruhuma bir gün uçub gedər, dönməz,

Bu eşqi sevgidi köksümdə tərpədir hərdən.

 

Sənin yanında çalış, yar, dayanmasın bir qız,

Görəndə qəlbimi nifrət, qəzəb didir hərdən.

 

Doğanda dan yeri gündüz çıxan günəş batmır,

Bulud dolanda üzün göydə gizlədir hərdən.

 

Edibdir ömrümü çoxdan fələk param-parça,

Əlinlə çat yerə duz tökmə, göynədir hərdən.

 

Vüsala çatmağa, Lilpar, görən qalıb ümmid?

O yarı duymuşam əğyar öyrədir hərdən.