GÖZƏL DAĞIN     ZİRVƏSİNDƏN BAXAN ŞAİR

YAZARLAR 15:46 / 27.07.2024 Baxış sayı: 2297

 

İmzasını çoxdan tanıdığım, yaradıcılığını izlədiyim, şeirlərini həmişə böyük maraqla oxuduğum Həzi Hə­sən­li­nin poeziyası ilə küll halında tanış olanda niyəsə böyük Xalq şairi Səməd Vurğunun dahi türk şairi Nizami Gəncə­vi haqqında dediyi aşağıdakı sözləri xatırladım: “Nizami­nin böyük milli qürur hissinə malik olmasını göstərən on­lar­ca misal gətirmək olardı. Yaşadığı dövrdən asılı olma­yaraq hər bir sənətkarda milli qürur hissi ilə döyünən qəlb olmalıdır. Milli qürur hissi olmayan yerdə ümumiyyətlə heç bir yaradıcılıq təsəvvür etmək mümkün deyildir”.

Deməli, yaradıcılığın mayası milli qürur hissidir. Bu fikirləri mənə Həzi Həsənlinin şeirləri xatırlatdı. Çünki mən bu şeirlərin güclü bir milli qürur hissiylə yoğrul­duğunu duydum. Bu duyğunu onun şeirləri doldurdu mə­nim ürəyimə! Həmin şeirlərdə “Mən ölsəm də, Vətən, sağ ol, Ölərəm sənin eşqinə” deməyi bacaran bir şair gördüm. Bu o şairdi ki, “könlünün Vətəndən qeyri heç nəyi yoxdu”. “Vətəndən heç nə ummur, əksinə, Vətənin ondan nə um­du­ğunu düşünür”. Vətən bizim anamızdır. Bir ananın öz oğlundan umduğunu Vətən bizdən umur. Vətən eşqiylə ölmək bu umacaqların ən sonuncusudur. Vətən umur, Həzi Həsənli də canla-başla onun umduğuna hə deyir.

Həzi Həsənlinin Vətəni Borçalıdan, bir az da uşaqlıq illərinə getsək ilk dəfə ayaqlarını torpağına qoyduğu, ha­va­sını udub, suyunu içdiyi Faxralıdan başlayır. Ancaq onun ürəyindəki Vətənin sərhədləri çox genişdir. Onun kö­nül quşu pırr eləyib Faxralıdan göyə qalxır, kölgəsiylə Gö­zəl dağın zirvəsini yalayıb, Murovun üstündən aşır və Kə­pə­zin zirvəsinə qonur, ordan Dərbəndə, Təbrizə, Gəncəyə, Göyçəyə, Borçalıya sarı boylanır. Ordan uçanda Qara­ba­ğın göylərində süzə-süzə kölgəsiylə onun torpağını, daşını öpür. Onları öz yerində görüb sevinir:

 

Səbrin daralmasın, gen olsun, Həzi,

Şirin yuxuların çin olsun, Həzi.

Borçalın, Təbrizin şen olsun, Həzi,

Dərbənd yerindədi, Göyçə yerində.

 

Həzinin yuxusuna girən öz ürəyində gəzdirdiyi Azər­baycanın bütöv xəritəsidir. Bu o xəritədir ki, Təbriz də, Dərbənd də, Borçalı da, Göyçə də, İrəvan da onun için­də­dir. Şair də bax bu yuxusunun çin olmağını arzulayır. Milli qürur hissiylə yaşayan bir şairin bundan böyük nə arzusu ola bilər?!

Həzi Həsənli Vətənlə nəfəs alır, sevinciylə sevinir, dərdini-qəmini ürəyinə salır, ağrı-acısını canında hiss edir, duyur, hisslərini, duyğularını da qələmə alır. Nədi bu dərd-qəm? Nədi bu ağrı-acı? Hansı duyğulardı şairin ürəyini üzən? Böyük bir Vətən parça-parça bölünüb. Bundan ağır dərd-qəm olarmı? Təbrizdə soydaşlarımızın dili əllərindən alınıb. Dərbənddə türk sözü, türk səsi hər gün dünən­kin­dən daha az eşidilir. Bunlar duyan insan üçün ağrı-acı de­yilmi?! Borçalı ilmə-ilmə sökülür, yollarında insan azalır. Bunu gözləriylə görən və şairəm deyən insanın ürəyi necə üzülməsin?!

 

Yerdən göyə ucalanda min ahım,

Şimşək olub çaxa-çaxa qalmışam.

Ana kəndim, ata yurdum-pənahım,

Yollarına baxa-baxa qalmışam,

Yollarında niyə insan azalır?!

Həzi Həsənli yaxşı bilir ki, yollarında insanların azal­ması Borçalının sabahı üçün nə deməkdir. Ona görə də Bor­çalının insan azalan yolları gözlərinin qabağına gələn kimi o, kövrəlir, ötən günləri xatırlayır. Kəndin axarlı-ba­xar­lı çölləri, güllü-çiçəkli bağları, toy-dü­yünlü, çal-çağırlı, sazlı-sözlü günləri yadına düşür. O saat Borçalının yelinə uçur, “Əziz oğlum, çək atını yəhərlə” deyib oğluna səs­lənir. Bu səslənişin də arxasında bir milli qürur hissi durur:

 

Əziz oğlum, çək atını yəhərlə,

Ata yurda-Faxralıya sür görüm.

Həsrət çəkib sızlamayaq qəhərlə,

Gözəl dağın zirvəsində qar görüm.

 

Bu şeir qətiyyən nostalji hisslərin poetik ifadəsi deyil. Mən bu misraları insanların yolunu gözləyən boş yurdlara ağı kimi oxudum! Onları oxuduqca insanları azalan yolların ot basmaq qorxusundan doğan harayı gəldi qulaqlarıma! Bir şair ürəyinin insanlara səslənişi, çağırışı kimi dinlədim onları! Bu gün atımızı Faxralıya sürməsək, sabah onun adı dilimizdə düyün bağlayacaq. Əminəm ki, Həzi Həsənli bu şeirləri yazanda nostalji hisslərə qapıl­ma­yıb, o duyğularla yaşa­mayıb. Mən onun boğazdan yuxarı söz demədiyinə, özünü gözə soxmadı­ğına, şeirlərində də həyatdakı qədər səmimi olduğuna inanıram. O ürəyinin od püskürən hökmüylə özü qabağa düşərək insanları Borça­lıya qayıtmağa səsləyib. Əsl Vətən sevgisi də bax budur!

Nostalgiya güclü olanda Vətən sevgisi giley-güzarın, umu-küsünün, sızıltının kölgəsində qalır. Onda şeir zəif­lə­yir, sönükləşir, söz yığınına çevrilir. Həzi Həsənlinin Və­tən şeirlərində isə əksinədir. Onlarda giley-güzar, umu-kü­sü, sızıltı yoxdu. Onun misraları elə güclü və parlaq Vətən sevgisiylə yoğrulub ki, nostalji hisslərin üstünü duman da­ğı bürüyən kimi bürüyüb. Bu şeirlərdəki nostalji hisslər yalnız şairi duymayanları aldada bilər. Onlarda güclü bir səsləniş, haray, çağırış var. Ən başlıcası isə odur ki, bu his­slər, duyğular çox böyük ustalıqla poetikləşdirildiyin­dən şeirlər oxuyanın ruhunu yerindən oynadır. Mürgü­lə­yən­lərin su kimi gözlərinə çi­lənir. Yatanları zınqırov səs­lə­ri kimi yuxudan oyadır. Bi­zim şairlərimizin də, şeirimizin də ali amalı, məqsədi bax bu olmalıdır!

Hazırda Bakıda yaşayan şairin qulağına uşaq vaxtı Faxralıda eşitdiyi bir neyin səsi gəlir. Bu səs onu Bor­çalıya çağırır. Şair də bu səsi qulaqardına vurmur. Elə bil özü bir himə bəndiymiş. Bu səs qulağına gələr-gəlməz yola hazırlaşır:

 

O yerlər könlümə düşəndə hərdən,

Kövrəlirəm, gözüm dolur qəhərdən.

Baş götürüb gedəcəyəm şəhərdən,

Ney səsidi məni yurda döndərən.

 

O səs gəlir qulağıma uzaqdan,

O yerlərdə görünmürəm nə vaxtdan.

Pencəyimi götürəcəm savaxdan,

Son arzudu son qatara mindirən.

 

Mənim də bir arzum var: Həziləri Borçalıya qay­ta­ran bu qatarların yolu açıq olsun. Gün o gün olsun ki, bu qa­tarlar sərhəd tanımasın, gömrük üzü görməsin! O qa­tarlar borçalıları Vətənin bu başından o başına daşısın, o başından da bu başına!

Həzi Həsənlinin sinəsində kövrək bir ürək döyünür. Bu kövrəklik də onun şeirlərinə hopub. Bəlkə ona görə də şairin məhəbbət, sevgi şeirləri sevginin, məhəbbətin özü qədər zərifdi, həzindi, kövrəkdi:

Gələrdim, qəlbimdə bir Ay doğardı,

Qəfil gedişinə vidamı deyək?!

Yaxşı ki, görmədin saçım ağardı,

Yaxşı ki, bilmədin ağrıdı ürək...

 

Baxın, bu dörd misrada ayrılığın, həsrətin şairin ürəyinə doldurduğu sızıltı da var, göynərti də, ancaq bu sözlərin heç biri yoxdu. Burada sevinc sözü də işlənməyib. Adama elə gəlir ki, Həzi Həsənli sevgilisinin onun saç­la­rı­nın ağardığını görmədiyinə, ürəyinin ağrıdığını bilmə­di­yi­nə sevinir və bu sevinc onun sızıltısına, göynərtisinə məl­həm olur. Ancaq şair sözünü də deyir. Deyir ki, “mənim saçımı sənin ayrılığın ağartdı, mənim ürəyimi sənin həsrətin ağrıtdı”. Şairlik bax burada üzə çıxır, qələmin nədən su içdiyi burada özünü göstərir. İstedad və ustalıq dediyimiz şey də elə budur.

Onun məhəbbət şeirlərinin hamısında bu nəfəs, bu hə­vəs aydın duyulur. Çünki onların hamısı Həzi Həsən­li­nin heç kimə bənzəməyən öz nəfəsiylə yoğrulub. Bu nəfəs onun öz ürəyinin səsidir. Heç bir insanın səsi başqasının səsinə oxşaya bilməz. Əsas məsələ öz səsinin olmağıdır:

 

Şeh sırğa taxmışdı otlara zərdən,

Erkən oyanmışdın o gün səhərdən.

Bir qoma gül dərdim sənə çəpərdən,

Güllər bəxtin kimi ağıydı onda.

 

Yaxud:

 

Məhəbbət qüssədi, kədərdi, nədi,

Bu da bir taledi, qədərdi, nədi.

Özgələr Həzinin nə dərdinədi,

Ay könül evimi yıxan, hardasan?!

Sevginin, məhəbbətin gücünə baxın ki, şair könül evini quranı yox, yıxanı axtarır, onun həsrətini çəkir. Niyə? Çünki onu sevir. Saf, ülvi sevgi bax budur!

Bir qatar oğulu anadan ayırıb aparır. Ana da köksü yaralı-yaralı, gözləri yaşlı-yaşlı o qatarın dalınca baxır. Qatarın cəhrə tək fırlanan təkəri ananı düyçə kimi əyirir:

 

Səni bir yaz günü aparan qatar

Balanı anadan ayırdı getdi.

Cəhrə tək fırlanan o dəmir təkər

Anamı düyçə tək əyirdi getdi.

  

“Qatar”adlı bu şeir məni tutdu. Birinci dəfə oxu­yan­da “Cəhrə tək fırlanan o dəmir təkər Anamı düyçə tək əyirdi getdi” misralarının ovsununa düşdüm. Çünki burada gözəl poetik deyim gördüm. “Cəhrə tək fırlanan o dəmir tə­kər Anamı düyçə tək əyirdi getdi” misralarının alt qat­larında adamı düşündürən, daşındıran çox fikirlər yatır. Bu misralar ayrılıqda bir poetik tapıntıdır. Onu bu cür ifadə etmək isə ustalıqdır. Bu poetik ustalığın sehrində qala-qala şeiri bir neçə dəfə oxudum. Oxudum ki, şeirdə söhbətin nədən getdiyinə əmin olum. Axı ilk baxışda qatar sözü adamı aldadır. O qədər qatarlar var ki, elədən belə şütüyür, belədən elə. O qatarlar çox balanı anadan, çox ananı bala­dan ayırıb aparır. O qatarlar ananı balasına, balanı anasına qovuşdurur da. Bunlar bizim gördüyümüz adi qatarlardı. Şeirin sonrakı bənd­lərini oxu­yanda gördüm ki, Həzi Həsənlinin qatarı biz görən qatarlardan deyil. O qatar heç vaxt ananı balasına, balanı anasına qovuşdurmur. Əslində şeirdə nə qatar var, nə dəmir təkərlər. Ancaq bir ananı düy­çə tək əyirən kədər var, qəm var. Bu kədər, bu qəm də bir oğul itkisidi. Şeirin bütün misraları da bir oğul itgi­sinin, bir qardaş dağının göynərtiləriylə yoğrulub:

Sən getdin o qərib arzularınla-

Anamı yaxıla-yaxıla qoydun.

Yaşadı həsrətin, intizarınla,

Böyüdüb şəklini daxıla qoydu.

 

Öncəki bənddə örtülü deyilən, gizli qalan fikirlər burada açıldı. Fikrin nə qədər obrazlı deyildiyi aydın oldu. “Böyüdüb şəklini daxıla qoydu” misrası haqqında düşün­dü­yümüz qatarın ölüm olduğunu qulağımıza pıçıldadı.

Bu şeirin gözəlliyi ondadır ki, bir dəfə də ölüm sözü işlənmir. Əzrayılın adı çəkilmir. Vay-şivən qoparılmır. Ah-uf yoxdu. Ancaq ananı cəhrə tək əyirib düyçəyə dön­dərən bir kədər və onun çox gözəl poetik ifadəsi var. Şeir elə ilmələrlə naxışlanıb, güllənib ki, bu itgini, bu ölümü, onun göynərtilərini o güllər, naxışlar özü pıçıldayır. Ağla­mağa, göz yaşına, saç yolmağa, üz cırmağa ehtiyac qalmır. Ayrı-ayrı misraların biçimi, ayrı-ayrı bəndlərin poetik tu­tu­mu adamı ağuşuna alır, xəyalın qanadlarında gəzdirir, haralara aparır, haralardan qaytarır və iliyinə-qanına işlə­yib onu heyrətləndirir. Şeir adamı heyrətləndirə bilirsə, deməli, o poeziyadı. Əminliklə deyə bilərəm ki, belə şeir­lər çox az-az yaranır. Böyük Xalq şairi Səməd Vurğun gözəl deyib ki, “Hər yerdə, hər zaman inci tapılmaz!”

Həzi Həsənlinin elə gözəl ürəyi var ki, o ürəkdən ancaq gözəl, həzin, zərif pıçıltılar eşitmək olar. Bu ürək suyu bal dadan bir bulağa bənzəyir. Onun şeirlərində zərrə qədər də kobudluq, qabalıq, yabalıq yoxdu. O elə kövrək insandı ki, üstünə yemə gələn quşu da əliboş qaytarmır, ona yem verir, su verir. Yaxud isinmək üçün qoynuna gi­rən, dar ayaqda qucağına sığınan quşu da incitmir, qapı­sından qovmur, ona qayğı göstərir, çay süzür, soyuqdan qoruyur, dardan qurtarır. Həzi bu şeirləri xoşa gəlmək üçün yazmır. O tutduğu əməlləri qələmə alır:

Açdım pəncərəmi, evə doldular,

İlıq su içdilər, dənlə yemlədim.

Quşlar bircə günlük qonaq oldular,

Quş üzümü alıb, çay da dəmlədim.

 

Hələ bu harasıdır. Bir quşcuğaz gülün üstünə qo­nan­da tikan onu yaralayır və şair də bunu görür. Onu sığal­layıb, əzizləyir ki, bəlkə quşcuğaz tez sağala:

 

Onu nəvazişlə sığallasam da,

Qoynumda isinir o, yavaş-yavaş.

Deyirəm soyuqda bir quş azanda,

Gəlib köksüm üstdə qızınaydı kaş.

 

Bunları ancaq sinəsində şair ürəyi döyünən adam eləyə bilər. Hər iki şeir şairin humanist duyğularıyla yoğrulub və xoş təsir bağışlayır.

Həzə Həsənlinin haqqında danışmalı, söz deməli ürə­yəyatan şeiri çoxdu. Buna  ehtiyac duymuram. Ancaq onun “Sevdalı-sevdalı” şeirinə toxunmadan keçinə bil­mə­dim. Bu şeir qarşında durmuş bir qənirsiz gözələ bənzəyir. Gözəllik özü adamı çağırır ki, bir dön mənə bax. Bu şeir də elədir. İnanmırsınızsa, buyurun özünüz oxuyun:

 

Ömrümüz bir sudur, axar,

Axar sevdalı-sevdalı.

Ömür axar, su da baxar,

Baxar sevdalı-sevdalı.

 

Gözlərinin yol yuxusu,

Mürgüləyir lal yuxusu.

Nə şirindi bal yuxusu,

Qoxar sevdalı-sevdalı.

 

Həzi Həsənlinin çoxlu dördlükləri və bayatıları var. O, sözü uzatmağı sevmir, ona görə heç uzun şeiri də yoxdu. Həmişə fikri mümkün qədər yığcam şəkildə deməyə üstünlük verir. Söz yığcam deyiləndə, daha dadlı-duzlu olur. “Əzabın nə şirin, nazın nə xoşdu” və “Əyri bir misrama tamarzı masam” misrasının hərəsi onun bir dördlüyündən götürülüb. Hər dördlükdə bircə dənə belə dolğun və tutumlu misra varsa, o sözsüz ki, şeirdi. Belə misralar isə Həzi Həsənlinin şeirlərində çoxdu. “Şəklini böyüdüb sevdalı sular”, “Şəklini bağrıma basıb ağladım, Asdım sinəm üstdən ürək yerinə”, “Sən danış öz-özünlə, Mən danışım ürəklə”, “Bayraqdan yazan şairlər Özünü bayraq edəcək”, “Kədərli ağlayanda Qəmli yağır yağışlar”, “Ulduzlar düymə-düymə” misralarının hərəsi bir üzüyün qaşına bənzəyir. Üzüyün qiyməti onun qaşındadırsa, şeirin də gözəlliyi bu cür dərin mənalı, tutumlu, dolğun, sözün şəhdiylə, şirəsiylə yoğrulmuş misralardadır. Çox zaman hər şeir bir misradan yaranır.

Bu yazını yazanda adı Həzi Həsənlinin şeirlərində bir neçə dəfə çəkilən Gözəl dağ gəlib bütün əzəmətiylə gözlərimin qabağında durdu. Həzi Həsənli də onun zir­və­sindən baxırdı. Gördüm ki, Gözəl dağ Həzi Həsənliyə, Hə­zi Həsənli də Gözəl dağa heykəl postamentə, posmanent də heykələ yaraşan kimi yaraşır!

 

İSLAM SADIQ

Şair, filologiya elmləri doktoru

 

01-02 may 2024

Novxanı