Fərhad Tapdıqoğlu- Yaxbala
Bir az da təbəssüm.
Lap kiçik yaşlarından pinti idi.Yediklərini üz-gözünə,üst-başına yaxırdı .Həmişə anasından yaxmac istəyirdi.Çörəyin üstünə nehrə yağı da çəkdirərdi motal pendiri də,şor da,bəhməz də,irçal da...
Atası ona fırça da almışdı,rənglər də.O rəngləri vərəqlərə də,divara da ...hər yerə yaxırdı.
Böyüdükcə əzginiş olurdu.Qızbibiliyi də vardı.
Bığ yeri tərləyənə qədər anası ilə "xına yaxdıya " da gedərdi ," paltar biçdiyə "də...
Böyüdükcə ləğviyyətliyi də artırdı,səydəşliyi də.
Həmişə köynəklərinin yaxası açıq olardı.
"Yaxan düymələ- düymələ"
mahnısı səslənəndə televizoru da( radio qəbulediciləri də) söndürürdü.Xoşlamırdı o mahnını...
...Hərbi xidmətini başa vurub qayıdandan sonra tay- tuşları arasında "yaxa- yaxa" gəzirdi.
Tikintidə işə düzəldi.
Maaşdan sonra özünə təzə nəsə alır,çox forslanırdı,yaxırdı...
Adı Yadulla olsa da, tanıyanlar "Yaxbala" çağırırdılar.
Ona- buna qara yaxmağı xoşlayırdı "Yaxbala..."
İş yerində hamını boğaza yığmışdı, tikinti rəisi olan dayısına arxayındı.
Amma...
Bir gün dayısının yaxası "ələ keçdi". "Ölü canlar" saxladığına görə,tikinti materiallarını satdığına görə...
" Yaxbala " Yadullanın şəltəsi işləmədi daha ...
Nə bir kimsəyə "qara yaxdı",nə də "yaxa- yaxa " gəzdi...
Köynəyinin də yaxasını düymələdi...
Yadına anasının düzəltdiyi yaxmac düşdü...ora-bura yaxdığı rənglər düşdü...hamıya "qara yaxmağı" düşdü," yaxmağı " düşdü...
P.S.Bilməyənlər üçün əzginiş : əzilə - büzülə danışan.
Ləğviyyət-mənasız,məntiqsiz danışan.