Faiq Balabəyli : - HƏLƏ KÜLƏKDİR ƏSƏN

Ədəbiyyat 09:03 / 14.05.2025 Baxış sayı: 1298

 

Qorxudan əsmir ürək-

Hələ küləkdir əsən,

Yeri-göyü dağıdır,

İncikdir buludların göydə qərib duruşu

Ağ buludlar göylərin qalxan ağ bayrağdır

Sanki uduzub durub bir amansız vuruşu.

Tiyəsini qan örtmüş yerə düşən xəncərin

Qəbzəsindən qan damır

yaralı döyüşçünün

alnında tərə batıb.

Uzaqda, çox uzaqda

gövdəsinə çırpılan amansız ləpələrdən

gəmi necə qorunur- lövbər zəncirin dartıb.

Hələ əsən külək də vəd etmir yaxşı heç nə

Ümmanda ruha dönən biçarə gəmilərin

zor düşüb yelkəninə;

İçi havayla dolub,

necə dönsün bu yolu?

Dalğalardan gizlənib, dəryada gecə vaxtı

fırtınanın cənginə özünü atsın necə.

Sükanın arxasında dayanan kimdir axı

şimaldan əsən külək şturvalı oynadır

Biz beləmi doğulduq, biz beləmi böyüyək

biçarə bir gəminin heyyətinə yazılan

saxta, yaltaq qaydadır.

Bu yorğun ayaqların üstündə gəzən bədən

Görən niyə dincəlmir,

axı niyə və nədən?

Təlatümlü havada ləngər vuran gəmidən

Gör necə imdad udur, çarəsiuz qaldığından

Yosunlar necə tutub gəminin gövdəsindən.