Əlizadə Nuri : - Sözdən sonra

Ədəbiyyat 09:22 / 03.04.2025 Baxış sayı: 1027

 

Sağ ol könül, başını dik tutmusan,

Yan-yörəndə biganələr dolaşır.

Bir gül açıb yaxasını bülbülə

Bu yaxada nə mənalar dolaşır...

 

Ney səsi var bu ahda, bu nalədə,

Ay da sirdi-nə varmış o halədə?

Şam da ölmüş...ətrafında hələ də

Sədaqətli pərvanələr dolaşır...

 

Vaxtım yoxdu-mən sökülən vaxt tikim,

Hər adama nə tikirsə, baxt tikir.

Məcnun eşqdən bir səhrada taxt tikib

Min ildi ki, əfsanələr dolaşır.

 

Bir ağrıyam yaralı quş səsində,

Bir dərvişəm bu sevgi ölkəsində.

Hamı yatıb gecənin kölgəsində

Hamı yatıb... divanələr dolaşır...

 

Gün yox olub, rəngi qaçıb danın da,

Bir kölgəlik yer saxlarsan yanında.

Mən də öldüm... bu dünyanın canında

Məndən qalan nişanələr dolaşır...