Ələddin Əzimli - QARALTI
"Sözlərdəki sən"dən
Çəmənlərin yaraşığı, bəzəyi
gül-çiçəklər əl-ələdir, baş-başa.
Hər yanımız gözəl lövhə,
tamaşadır-tamaşa.
Bu dərədən axan çaya nə deyim?
Nəfəsimi
qışda sazaq,
yayda isti kəsirsə,
o günlərin ağrısından
ruhum, qəlbım əsirsə,
ötən günə, gələn aya nə deyim?
Kəsilibdir
köçən quşun harayı,
vaxt ötür ağır-ağır.
Bəs o kimdir,
məni elə çağırır?
O çağrışa, o haraya nə deyim?
Ürək yorğun,
gecə uzun,
gün gödək.
Boylanıram yollara
nə vaxtdır titrək-titrək.
O görünən qaraltıya nə deyim?!...