Əbülfət Mədətoğlu : - Dərd abunəçisi ...

Ədəbiyyat 14:19 / 25.07.2024 Baxış sayı: 2407

 

Özümə baxıram, sənə baxıram -

Ömrümə, günümə tənə baxıram...

Adəməm, Cənnətdə dənə, baxıram -

Düşünüb bu nədi, ya da nəçidi?..

Odamı dərdlərə abunəçidi?..

 

Adına köklənmiş dillə, dilçəklə

Bundan da ümidli biir gələcəklə...

Əgər mən deməsəm, kim biləcək, nə -

Düşünüb, bu kimdi, ya bu nəçidi?

Odamı dərdlərə abunəçidi?..

 

Ürək ağrı çəkən, köz ələyəndi

Fikir kələfini çözələyəndi!..

Həsrət buludunu , göz ələyəndi, -

Düşünüb, bu kimdi, ya bu nəçidi?

Odamı dərdlərə abunəçidi?..

 

Mənəm ya gecikən, ya vaxtsız gələn

Baxtı yeyin olan, ya baxtsız gələn!..

Dünyaya şah , amma boş taxtsız gələn -

Deməyin, bu kimdi, ya bu nəçidi-

Bu, bütün dərdlərə abunəçidi!..