Əbülfət Mədətoğlu : - Cavabsız sual

Mən yükümü yükə yığdım
Sayıb bükə, bükə yığdım!..
Ümidi bir tükə yığdım -
Üzülərmi, üzülməzmi?!.
Ahın ucun göydə gördüm
Rəng bollaşdı göy də gördüm!
Yer , nə gördüm, göy, nə gördüm -
Süzülərmi, süzülməzmi?!.
Duam düşüb sırsıraya
Necə verim sir, sıraya?..
Heç bilmirəm bir sıraya -
Düzülərmi, düzülməzmi?!
Vurulandan sən bəndəyə,
Tən saydımım, tən,bəndəyə!
Siz söyləyin, mən, bəndəyə -
Dözülərmi, dözülməzmi?!.