Adilə Nəzər : - AŞIQ ƏLƏSGƏRƏ

Ədəbiyyat 20:52 / 19.08.2025 Baxış sayı: 2112

 

 

Bu qaranlıq dünyada

Günəşə bənzəyirsən.

Pas tutan könülləri

Sözlə təmizləyirsən, -

şəfəqlə bəzəyirsən.

Şəriətin yükünü

çiyninə alan sənsən,

Təriqət, mərifətin

içində olan sənsən.

Elmə, ayəyə sinən,

Kamil söz ovçususan,

Sözündən ləl süzülən

Həqiqət yolçususan.

Sənsən mübarək səhər,

Sənsən mübarək axşam,

Deyirsən: İbtidadan

“Əlif”dən dərs almışam.

Əhdin "bəzmi-Ələstdə",

İlqarın hər nəfəsdə,

Yüz beş ili ahəstə

Yaşadın mərd, mərdanə.

Kimdən mətləb umdun ki?!

Namus, ar nişanası!

Həzrət Əli aşiqi,

Məhəmməd sevdalısı!

Ondan aldın ilhamı,

Əmanətdir səxisi,

Sən sufilər yoldaşı,

Şahi-Heydər varisi.

 19.08.2023