Ayaz Arabaçı : - Gedəm, üzü dağlara..

Hesabını bilməyəm, vaxtımın- saatımın,
Burnundan buxar çıxa, yel qanadlı atımın,
Köhnə bir pencəyini tapıb-geyib atamın,
Gedəm, üzü dağlara..
Lal olmuş cığırların edəm nitqini bərpa,
Cilovunu boşaldam, at göy otları qırpa,
Küləklər yağışları qamçıtək mənə çırpa,
Gedəm, üzü dağlara..
Üzü zirvəyə qalxan yoxuşlar eniş gələ,
Düşəm dumana çənə, başıma min iş gələ,
Düzələ dilimdəki ümid dolu "keşkə"lər,
Gedəm, üzü dağlara..
Gedəm, gedəm elə hey, qulağım düşə səsə,
Yorğun yaz dumanıyla duram nəfəs-nəfəsə,
Qumral quzularından dayım birini kəsə,
Gedəm üzü dalara..
Tənbəki tüstüsündən bığı saralmış babam,
Kefini soruşanda deyə şükür babatam..
Qayıda yaddaşıma, qayıda o dad, o tam,
Gedəm üzü dağlara..
Görəm körpə uşaqtək həvəsini anamın..
Uzaqlardan hiss edəm nəfəsini anamın,
Və bircə yol eşidəm..Və..səsini anamın,
Gedəm üzü dağlara..
Sağala sinəmdəki köhnə bir açıq yara,
Havalanmış atımla qərq olam palçıqlara,
İtlər görüb hürüşə, enəm alaçıqlara..
Gedəm, üzü dağlara..
Görüm, əziz tuturmu yurd oğlunun xətrini,
Üst başıma hopduram çölün-düzün ətrini,
Başqa cür zəngin olur nənələrin vitrini,
Gedəm üzü dağlara..