Adilə Nəzər - GÖRDÜNÜZMÜ, GÖRMƏDİNİZMİ

Ədəbiyyat 12:35 / 31.08.2025 Baxış sayı: 2361

 

Siz heç gördünüzmü

suyun duzda əriyərək yanaqda yandığını?

Mən gördüm -

böyük həyatlar kiçik evlərdə gizlənəndə,

qazanlarda yoxsulluq qaynayanda..

Ümidlər tozlu pəncərələrdən baxanda,

hər qığılcım bir xatirəyə çevriləndə,

ağızların tamı acı,

sözlər səsiz olanda,

dərd başdan aşanda,

gözlər dolub-daşanda,

boşalıb danışanda...

Qatar gedir, insanlar baxır,

dünyada hər şey hərəkətdədir..

Görməkdə iradə məsələsidir,

ağrını hiss etmək

ümid işığının ayaq səsidir.

Gün gələcək,

hər şey bir xəyalın içində əriyəcək,

bir xatirənin şəklində qalacaq..

Olmalı olanlar olacaq...

Hər düşən göz yaşı torpağa qarışacaq,

yeni həyat doğacaq...

Hər ağı bir gülüşə,

hər xəzan bir çiçəyə,

hər son

bir başlanğıca çevriləcək.

Ədalətin zəfərini

siz heç görmədinizmi?!

Adilə Nəzər 29.08.2025