Adil Şirin : - Haçan qarşılaşdıq...

Ədəbiyyat 10:09 / 27.07.2024 Baxış sayı: 1982

Haçan qarşılaşdıq, neçə görüşdük?

Ürəyim od tutub alışır indi.

Bir qərib sevginin sehrinə düşdük,

Könül kaman kimi titrədi, dindi.

 

Sənin varlığınla, sənin yoxluğun

Bilinməz, hər zaman ürəyimdəsən.

Bəlkə də bu gecə qarışıb yuxun,

Sən mənim duzumda, çörəyimdəsən.

 

İlğımlar qoynunda keçdi ömür-gün,

Xəyalım bürünüb dumana, çənə.

Dalğalı dənizdir həyat mənimçün,

Yelkənsiz qayıqda üzürəm yenə.

 

Həsrətin oyatdı məni röyadan,

Nə ağlaya bildim, nə gülə bildim.

Sənsiz elə küsdüm, mən bu dünyadan,

Nə yaşaya bildim, nə ölə bildim.