Adil Şirin - A  bülbül

Ədəbiyyat 11:36 / 07.09.2025 Baxış sayı: 1837

# # #

Tikanlı məftillər deşər köksünü,

Uç mavi səmaya, oxu, a bülbül.

Çırpınır ürəyim gecə sübhədək

Getmir gözlərimə yuxu, a bülbül.

 

Düşmüşəm insanın qurduğu tora,

Sən hara, mən hara, bu məhbəs hara?

Nəğmələrin vurur könlümə yara,

Getmir gözlərimə yuxu, a bülbül.

 

Adil, od tutarsan azadlıq deyə,

Dualar könlünü ovutmur niyə?

Bağlayıb yolumu, bu kor fələyə

Söylə, neyləmişəm axı, a bülbül...