Zəka Vilayətoğlu : - Zamana gülümsə

Ədəbiyyat 13:42 / 27.05.2025 Baxış sayı: 2226

 

Ha bəslə çiçəyi, ha çək nazını,

Vədəsi tamamsa, solub gedəcək.

Əssən də yarpaq tək öz canın üstə,

Tək bir ovuc torpaq olub gedəcək.

 

Gülümsə zamana, vaxta gülümsə,

Çıxdığın o uca taxta gülümsə.

Kim deyir: saxta gül – saxta gülümsə,

Gülməsən, vaxt sənə gülüb gedəcək!

 

Hər olum bir ölüm baslanğıcıdır.

Olum şirindirsə, ölüm acıdır,

Olumla Ölüm ki, qardaş-bacıdır,

Dünyada hər nə var, ölüb gedəcək!

 

Zamanla, vaxt ilə dost olan kəsin,

Ömrü mənalanar, şübhəsiz, kəsin!..

Zəka, elə iz qoy, izin itməsin,

İllər çox-çox izi silib gedəcək!

 

27.05.2025