Sahibə Yusif - İnsan yıxdı dünyanı

Ədəbiyyat 11:09 / 13.11.2025 Baxış sayı: 1012

 

Savaşdır dünyanın dörd bir tərəfi,

Hər yönü əcəlin — ölüm meydanı.

Diksinir çağa da öz yatağında,

Sanki hiss eləyir gələn tufanı.

 

Hər gün səksəkəli oyanır dünya,

Ümidsiz gözlərdə arzu tapılmır.

Raket səslərinin uğultusundan

Dinib-danışmağa mövzu tapılmır.

 

Mərmilər tökülür... yağış tək göydən,

Çökür ürəklərə qorxu,qəm, kədər.

Yaşamaq uğrunda mübarizədir —

Sağ çıxsan “igidsən” səhərə qədər.

 

Dünya göz önündə sönür anbaan,

Kainat boşalır, insan azalır.

Tanrı səssizliyə çəkib ruhunu,

Həqiqət yox olur, batil qazanır.

 

Adəm övladının nəfsi, həvəsi —

Aldı öz cənginə bütün cahanı.

Tanrı,axı sənin nə günahın var?

İnsan öz əliylə yıxır dünyanı.