İSMAYIL MƏRCANLI İMANZADƏ : - GÖR KİMLƏR ALDATDI MƏNİ...

Ədəbiyyat 15:09 / 03.04.2025 Baxış sayı: 5478

BELƏ-BELƏ İŞLƏR...

Allah sənə qəni-qəni rəhmət eləsin, Mirzə Ələkbər Sabir baba! Heç demə mənim kimilərinin sadəlöhv, açıq ürəkli olmağı da, zatıqırıq kəslərin işlərinə çox yarıyırmış. “Yuxarıdakına girən, aşağıdakına hürən” belə nanəciblər kimlərinsə yedəyində getməklə, biraz qabağa tullananda, tez havalanıb cızıqlarından çıxır və bir vaxtlar doğru-dürüst yolun səmtini göstərən şəxslərin haqqlarını tapdamaq bir yana, yeri gələndə onların qarasınca hürməyi də özlərinə borc bilirmişlər...

P.S. Diqqətinizə təqdim etdiyim bu şeirimi ilk olaraq heca vəzninin sonuncu-16-cı heca sayında qələmə almışam.

 

(həcv)

Haqqımı tapdayan qafil, kaş biləydin haralıyam,

Yüz yol ələkdən keçmişəm, yamanlıqdan aralıyam.

“Mənəm-mənəm” deyənlərin ucbatından yaralıyam,

Kəsdiyimiz duz-çörəyin “ovqatı” aldatdı məni!

 

Yağışdan sonra nur saçan al-əlvan göyqurşağıyam,

Hallallıqdan soraq verən söz əhl-haqq aşığıyam.

Şirin dilə tez aldanan sadəlöhv kənd uşağıyam,

Nəfsi-gödəninə calaq yalotu aldatdı məni!

 

Sevincim qeybə çıxanda, dərdlə üzbəüz gedirəm,

İllər boyu qərib eldə dilmancımdı söz,-gedirəm.

Ağır bir eldən gəlmişəm, öz yolumla düz gedirəm,

Gah padoşüzlü Gülbadam, gah Fatı aldatdı məni!

 

Əgər axtarsanız məni, saflığın içində gəzin,

Kimə yardımçı oldumsa, ummadım heç vaxt əvəzin...

Yalanmış “sağol” sözü də heç demə, nanəcib kəsin,

Yanbızına yüz əl dəyən bir lotu aldatdı məni!

31.03.2025