Əşrəf Veysəlli - GETDİ

Ədəbiyyat 20:23 / 13.11.2025 Baxış sayı: 815

 

Ürəklər kül oldu öz arzusunda,

Evin təki getdi, qoşası getdi.

Arana köçənlər yandı susuzdan,

«Ballıca», «Qırxbulaq», «Qoşasu» getdi.

 

Ayım bəd gətirdi, ilim nəs oldu,

Bu dərd ömrüm boyu mənə bəs oldu

Bu yandan «Ərgünəş» görünməz oldu,

O yandan «Topxana» meşəsi getdi.

 

Hamı insan idi öz torpağında,

Ölmək asan idi öz torpağında.

Hər kəs bir xan idi öz torpağında,

Elin xanı getdi, paşası getdi.

 

İnlədim, gözümdə yaş parçalandı,

Beyin silkələndi, baş parçalandı.

Baxdım - yolum üstə daş parçalandı,

Elə ki, gözümüzdən daşa su getdi.

 

Ay Əşrəf, gülünclər qoy bizə gülsün,

Sızlayan ürəyin yansın, tökülsün.

Başına daş düşsün, yıxılsın, ölsün,

Kimin ki, əlindən Şuşası getdi.

9 may 1992-ci il