Davud NƏSİB - ŞEİRLƏR

Ədəbiyyat 12:00 / 25.08.2025 Baxış sayı: 2328

 

ÜRƏKLƏ OYNAMAQ OLMAZ

Fikrini bilmirəm, -

Qəlbimdə yatır.

Hicranın qəlbimi yaman göynədir.

Əgər sevirsənsə, sevgi başqadır,

Əgər sevməyirsən, bu oyun nədir?

Ömrün həm bozuna,

Həm də ağına

Dözərəm,

Heç zaman talan olmasa.

Hazıram yüz belə şıltaqlığına,

Əgər sevgimizdə yalan olmasa.

Məhəbbət yolunda

Bir ömrü bada

Verərəm,

İnan ki, bu yalan deyil.

Məhəbbət nə qədər əziz olsa da,

Məhəbbət heç zaman oyun sevməyir.

Qəlbin alovlansa əgər yenə də,

Onda sözlərimə qulaq as, bir az:

Ürək bir mərmidir yatıb sinədə,

Ürəklə od ilə oynamaq olmaz.

BİR QIZ AĞLAYIR

Qılınctək qınından sıyrılır gecə,

Nə vaxt ki, gün kimi məhəbbət batır.

Hər insan qəlbində sakit, gizlicə

Qıvrıla-qıvrıla bir sevgi yatır.

Elə bil, çay kimi quruyuruq biz,

Sevgisiz, dünyadan yarımayırıq.

Dünyanı alovdan qoruyuruq biz,

Lakin məhəbbəti qorumayırıq.

…Doğranır ürəkdən o, dilim-dilim,

Eşqi sinəsini yarır, dağlayır.

Nə qədər uzatsam, çatmayır əlim,

Deyirəm yad kimi: bir qız ağlayır.

Onun qəlbindədir gizlidir yaşı,

Baxır, köks ötürür damla yerinə.

Dumanlar içində itsə də başı,

Sadiqdir o gözəl yenə ərinə.

Od yanır gözlərin zil qarasında,

Quruyub göz yaşı, silməyir o qız.

Qalıbdır od ilə, su arasında:

Yansınmı? Sönsünmü? Bilməyir o qız.

Çatlayıb dodağı, quruyub dili,

Qovrulur məhəbbət ocağında o.

Onu elə tutub hicranın əli, -

Çırpınır quş kimi qucağında o.

Nəmli gözlərini gizli silir ki,

Görüb deməsinlər: bir qız ağlayır.

O bəlkə bilməyir, elə bilir ki,

Eşqə, məhəbbətə yalqız ağlayır.

Deyirlər, tutulur sevənin gözü,

Sinədə bir ürək coşur, çağlayır.

Qoymur ağlamağa kişilik bizi,

Ağlayır, hardasa bir qız ağlayır.

TƏLƏSİR HAMI, GECİKİRİK BİZ

Günləri, ayları yaşayırıq biz,

İllər bir-birinə calanır, çatır.

Yaş ötür, baxırıq, bizdən xəbərsiz

Hər kəsin qəlbində bir ünvan yatır.

Bir bulaq başında

Gözləri yolda,

Bir gözəl dayanıb, bükər boynunu.

Keçirik yanından, düşməyir yada,

Qanrılıb,

Uzaqdan görürük onu.

İnsanlıq dünənlik, bugünlük deyil,

Hələ nə olacaq bilmirik sabah.

Sən yola düşmüsən vaxtından əvvəl,

Mənsə gecikmişəm vaxtından qabaq.

Sevgi ömrümüzün hay-harayından

Elə səssiz keçib,

Səmirsiz keçib.

Bir də görmüşəm ki, qəlb sarayından

Silinməz,

Pozulmaz dərin iz keçib.

Hamı öz eşqinə mənalı baxır, -

Bəzən bu yollardan keçməyir mətin.

Sevgi yollarının hicranı ağır,

Sevgi yollarının vüsalı çətin.

Sonsuzdur

Dünyada insanın kamı,

Ondan nə doyuruq,

Nə keçirik biz.

Elə bil, həyatda tələsir hamı,

Elə bil, həmişə gecikirik biz.

SEVGİDƏ TƏLƏSMƏYİN

A qızlar, sevgidə tələsməyin siz,

Sevgi kəməndini sizə tez atır.

Sizin qəlbinizdə sizdən xəbərsiz

Sevilə-sevilə bir sevgi yatır.

Yolumdan ayrılıb mən çaşsam əgər,

Doğru sözlərimdir, eşidin bunu;

Sizin birinizə yanaşsam əgər

Hardasa bir oğlan bükər boynunu.

Ömrün ən müqəddəs arzularına,

Niyə tələsirsiz?

Yoxsa çaşıbsız?

Mən namərd demirəm başqalarına,

Nə yaxşı mənimlə qarşılaşıbsız.

Həyatın hesabsız hay-harayından

Ömrə bir hay düşür, bir haray düşür,

Yadda saxlayın ki, sevgi payından

Həyatda hərəyə bircə pay düşür.

Gizlicə qovrulub hey için-için,

Kim isə ömrünü açar səhərsiz…

Hələ tələsməyin,

Hər birinizçün

Bir oğlan yol gəlir sizdən xəbərsiz.

İllərin üstündən illər aşdıqca,

Zamanın hökmündə elə çaşıram.

Böyüyüb siz mənə yaxınlaşdıqca,

Yaş ötür, mən sizdən uzaqlaşıram.

A qızlar, sevgidə tələsməyin siz,

Sevgi kəməndini sizə tez atır.

Sizin qəlbinizdə sizdən xəbərsiz

Sevilə-sevilə bir sevgi yatır.

Ömrünün yazını, sevgi çağını

Yaşım silkələyib, salıb əlimdən.

Ömrümün subaylıq sultanlığını

Oğlumun gəlini alıb əlimdən

Qızlar bulağından bir gün içəndə,

Kiminsə qəlbini siz ovlarsınız.

Sabah qapınızdan gəlib keçəndə,

Məni yox, oğlumu haraylarsınız.