Xanım İsmayılqızı : - Ruhla bədən arasında.

Tavan - evlərin üstüdü,
Bulud - göylərdə tüstüdü,
Ölüm - həyata pusqudu,
Ruhla bədən arasında.
Ayaq - cismini daşıyan,
Ürək - beyninə aşiyan,
Ömür - bir andı yaşayan,
Ruhla bədən arasında.
Söz - qəlbdən su içib gələn,
Yaş - hər illə dərdi bölən,
Dünənsə - bu gündə ölən,
Ruhla bədən arasında.
Göy - yerin üzünü görən,
Torpaq - yoxundan bar dərən,
Ana - bətnindən var verən,
Ruhla bədən arasında.
Vətən - sənə arxa olan,
Övlad - nəfəsini alan,
Can - yol ayrıcında qalan,
Ruhla bədən arasında.
Bəşər - milyonların səsi,
Sevgi - varlığın zirvəsi,
Allah - qoruyan hər kəsi,
Ruhla bədən arasında.
15 iyul, 2004.