Ağamir Cavad -DAŞAM

Ədəbiyyat 18:54 / 21.09.2025 Baxış sayı: 2522

"Daş ömrü" silsiləsindən yeni bir şeir

 

Min ildir göylərin bətnindən düşən,

Torpağın qanına qatılan daşam.

Üstündə zamanın göz yaşı bişən,

Sinəmin altında od olan daşam.

 

Qəlbim haqq odundan alıbdır kamın,

Butası şirindir içdiyim camın.

Məzarı ocağa dönən babamın

Qəbrinin üstündə büt olan daşam.

 

İblis var mələktək giribdir dona,

Kələyi cahanı döndərir qana.

Göylərin inadın yığıb ovcuna,

Kəbədə şeytana atılan daşam.

 

Gözlərim qalmayıb dünya varında,

Dərd mizrab oynadır könül tarında.

Çəkim ağır gəlir, qəm bazarında

Qızıl qiymətinə satılan daşam.

 

Ah çəkən dağların pənahı oldum,

Tapdanmış yolların günahı oldum.

Daşdan-daşa dəyib süfahi oldum,

Daşların içində ad alan daşam.

 

Gah qan bağışladım, gah qana döndüm.

Tarixdə iz qoyan ad-sana döndüm.

Nağıla çevrildim, dastana döndüm,

Eşqin mərəzinə tutulan daşam.

 

Zaman qopuz çalır bir sarı simlə,

Oynadır qəlbləri kədərlə, qəmlə.

Ölçürəm dünyanı ədalətimlə,

Haqqın mizanında etalon daşam.