Adilə Nəzər - İnsan nə axtarır?

YAZARLAR 17:36 / 17.09.2025 Baxış sayı: 2282

 

İnsan doğulan gündən başlayır nəsə axtarmağa. Hər kəsin içində qəribə bir boşluq var. O boşluq heç dolmur. Nə qədər uğur qazansaq da, nə qədər var-dövlət toplasaq da, nə qədər sevilib sevilsək də, yenə içimizdə bir natamamlıq qalır.

Bəs insan nəyi axtarır? Kimisi xoşbəxtliyi axtarır, kimisi rahatlığı, kimisi həqiqəti. Amma bütün bu axtarışların kökündə bir həqiqət dayanır: insan əslində özünü axtarır... əsas da öz yerini.

Bəs o yer haradır? O yer sadəcə ev, küçə, şəhər deyil. Ruhun aram tapdığı yerdir. İnsan ev də axtarır, dost da, sevəcəyi və sevən ürək də... Amma ruh ona qane olmur. Çünki həqiqətən axtardığı yer bu dünyada tapdığını və ya tapacağını zənn etdiyi yer deyil. O yer Allahdır. “Quran”da buyurulur: “Ey sakitlik tapmış nəfs! Rəbbinə dön, sən Ondan razı, O da səndən razı. Gir Mənim bəndələrim arasına, gir Mənim cənnətimə!” (Fəcr surəsi, ayə 27-30).

Əslində insan hər nə axtarırsa, Allahı axtarır. Sevgi istəyir, çünki Allah Məhəbbətdir, Eşqdir. Sakitlik istəyir, çünki “Qəlblər ancaq Allahı zikr etməklə aram tapar” (Rad surəsi, ayə 13-28) Ədalət istəyir, çünki Allah Ədalətlidir. Əbədiyyət istəyir – çünki Allah Baqidir.

Hər canatma, hər narahatlıq, hər itki insanı gəldiyi yerə aparmaq üçündür. “Həqiqətən, biz Allahdanıq və həqiqətən də Ona dönəcəyik” (Bəqərə surəsi, ayə 156).

Əslində şairlərin şeirlərinin kökündə də o “yerin” həsrəti dayanır.

Şair yazdıqca, həsrətinin bir hissəsini sözə çevirir. Bununla rahatlıq tapırmı? Tapmır, çünki axtaranlar daha çox narahatlıq keçirirlər. Şairlər üşün yazmaq bir növ dua kimidir. Ən doğma, hüzur, rahatlıq gəlitən, xoşbəxt məzmunlu şeirlərin alt qatında da bir qəriblik var, gizli bir axtarış var. Ona görə də şairin hər misrası bir yol izidir - itirilən yerə qayıdışın izi.

Quranda deyildiyi kimi: “Biz ona (insana) ruhumuzdan üfürdük” (Hicr surəsi, ayə 29). Ruh Allahdandır, o da yalnız Özünə dönəndə rahatlıq tapır.

Sual edə bilərsiniz ki, bəs şeir yazmayanlar o yei axtarmır?

Hər insan o yeri axtarır, sadəcə axtarış yolları fərqlidir. Şair sözlə axtarır, musiqiçi səs ilə, rəssam rənglə, alim elm ilə, adi bir insan isə gündəlik həyatın sadə işləri ilə.

Kimisi səssizcə dua edir, bu da axtarışdır. Kimisi övlad böyüdür, onda öz izini qoyur - bu da axtarışdır. Kimisi çörək qazanmaq üçün zəhmət çəkir, amma qəlbindəki boşluğu hiss edir, elə bu da axtarışdır.

O həsrət hər kəsin içindədir. Ola bilər ki, hamı bu hissi dilə (sözə, rəngə, duaya) gətirə bilmir, amma mütləq yaşayır, sadəcə susaraq, yaşaya-yaşaya axtarır.

17.09.2025

P.S. Sonra da 2014-də yazdığım bir şeiri xatırladım.

NAĞILGÖZLÜM

Ayrılıq əzablıdır, mən illərin tənhası,

qırx beş illik ömrümün elə o saydır ahı.

Üzülmə, Nağılgözlüm,

sən günahkar deyilsən,

bu ilk ayrılıq deyil,

bu əzab tanış əzab, həsrət əzəl iztirab.

Mən dünyaya gəlməmiş

Rəbbim vəhdət vəd edib tərk eyləmişdi məni...

Mən o vaxtdan öyrəndim -

Sevginin qütbləri var: ayrılıq - vüsal kimi...

Sevgi çox əzablıdır - üzülmə, Nağılgözlüm,

bu dənizində üzməyin əzabı batanadək -

mən çoxdan boğulmuşam...

ayrılıqlarda ölüb, sevgidə doğulmuşam...

Yaradanın eşqinə sevirəm yaranmışı,

bilirəm ki, dolanıb döndüyüm yer Məndədir,

neyləyim ki dünyada

mənim tale ipimin bir ucu da səndədir.

İnsan sayısı qədər yollar keçər dünyadan -

gözündən keçən yolum qəlbə gedən olmadı...

Deyirlər ki, "gözlər yalan söyləməz" -

bilirəm ki elədir.

demirəm yalan dedi, amma nağıl söylədi...

Ayrılıq əzablıdır - üzülmə, Nağılgözlüm.

o gülən gözlərinlə nolar, arabir ağla,

hərdən məni xatırla, Yaradanı xatırla.

Gözlərim nağıl deyil, gözlərim bir şeirdi -

gözlərimi xatırla.

Hər xoş niyyət sevgidir - sevirəm niyyətimi,

sevirəm paltarına bürünən mahiyyətini...

Baxma yazdıqlarıma, hələ ahu-zardayam.

Aşiqəm, Məşuqumçün belə intizardayam.

Ayrılıq əzablıdır - əzabdır, Nağılgözlüm.

 10.08.2014.