Adilə Nəzər- GÖRÜM

Ədəbiyyat 09:48 / 19.08.2025 Baxış sayı: 2345

 

Mən ta əzəldən var idim,

Getdim, gəldim məni görüm.

Dini, dili dəyişdirdim,

Dünyada çox qəni görüm...

 

Zərdüştdən düşən işığı,

Məhəmməd tək haqq aşığı,

Araya çökən boşluğu,

Boşluqdakı çəni görüm.

 

Gəldim gəlinməz yolunan,

Əsdim dərədə yelinən,

Həyat ağacı bilinən,

Sünbüldəki dəni görüm.

 

Ruhda partlayan mərmilər,

Canda min ümidə dəyər,

Gül, gülə bilirsən əgər,

Gül, üzündə şəni görüm.

 

Ağırdı yüküm, çox ağır,

Sömürülür vicdan fağır.

Özün də bilirsən axı

Nə var, nə yox, yəni.. görüm.

 

Aşkar elmdir həqiqət,

Yuxuda etdik yolu qət,

Oyanaq, qopsun qiyamət,

Aramızda təni görüm.

 

Göz yaşıdı zəmzəm suyu,

Sükut ariflərin küyü..

At üstümdən bu örtüyü,

İlahi, qoy səni görüm.