Kəmalə Abiyeva : - GEDƏ BİLMIRSƏN

Ədəbiyyat 10:15 / 01.06.2025 Baxış sayı: 1076

 

Niyə birdəfəlik getmədin ki, sən,

Gah gecəmə gəldin, gah gündüzümə.

Hərdən saçlarıma toxundu əlin,

Hərdən gözlərimə, hərdən üzümə.

Niyə birdəfəlik getmədin ki, sən,

Niyə əl çəkmədin yanaqlarımdan.

Mən imdad dilədim nə qədər sözdən,

Adın ayrılmadı dodaqlarımdan...

Bir az buludlara yığışıb qaldın,

Bir az küləklərə qarışıb qaldın.

Səni nəfəs kimi çəkdim içimə,

Elə ürəyimə sıxışıb qaldın.

Ağrılı günləri ovutmaq üçün

Hərdən ümid oldun, hərdən təsəlli.

Səni birdəfəlik unutmaq üçün

Hərdən ümid oldum, hərdən təsəlli.

Niyə birdəfəlik getmədin ki, sən,

Hər anın, saatın yolunu kəsdin?

Ən gözəl günləri apardın, nədən,

Qalan günlərimə qənim kəsildin?..

Niyə birdəfəlik getmirsən ki, sən?

Səndən qalan nə var daşımaq olmur.

Anladın sonunda gedə bilmirsən,

Bilirsən, yarıcan yaşamaq olmur