Elçin Məhərrəmli : - YENƏ SÖZÜN AĞUŞUNA SIĞINDIQ...

MƏDƏNİYYƏT 21:10 / 16.07.2024 Baxış sayı: 7512

 

AYB Mingəçevir bölməsinin növbəti yaradıcılıq günü də (15.07.2024) həmişə olduğu kimi əvvəldən axıra kimi könül xoşluğu ilə keçdi. Bölmə rəhbəri İsmayıl İmanzadə yazar həmkarlarını ürək açıqlığı ilə salamlayandan sonra ötən gün paytax Bakıdakı Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubiliyinə həsr edilən tədbirdən söz açıb dedi: “Yubiley məclisinin sonrakı vaxtlarda da davamlı olacağı gözləniləndir. İnşallah, bölməmizin bir neçə üzvüylə növbəti tədbirlərin birində iştirak etməyi nəzərdə tutmuşam. Gəlin, elə bu məqamdaca mingəçevirli yazarlar adından başda AYB-nin sədri Anar müəllim olmaqla, ölkəmizdəki yazar dostlarımıza cansağlığı, yaradıcılıq uğurları arzulayaq!”

Bölmə rəhbərinin təklifiylə ilk olaraq tanınmış şairə Bəsti Bərdəli iki yeni şeirini oxumaqla, hamının diqqətini özünə çəkməyi bacardı. Ədəbiyyat sevdalısı Rəşid Rəsulovun xeyir-dualarından sonra bölmə rəhbərinin “ahıl və cahıl” dostumuz adlandırdığı Ağabala Salahlı məhəbbət motivli şeirini oxumaqla, hələ sevgi aləminə biganə qalmadığını bir daha sübut etdi. AYB-nin üzvü yazıçı-publisist Zümrüd Rəhimova növbəti kitabının nəşrə hazırlanmasıyla ilgili fikir mübadiləsi etdi. Bu yaxınlarda qəfildən rəhmətə gedən AYB-nin üzvü, şair Rəfael Dəmiroğlunun öğlu Elvin Rəfaeloğlu əvvəlcə mərhum şair atasının şeirini dilə gətirdi və sonrasa özünün yazdığı bir şeirini oxudu. Bölmə rəhbəri üzünü ona tutub: “Elvin,-dedi, atan həm yaxşı şair, həm də vəfalı dost idi. Onun xətrini çox istəyirdik. Bu gündən belə həmişə yanıma ürəklə, özü də ərklə gəl. Görürəm, istedadlı oğlansan, sənə həmişə yardımçı olmağa çalışacağam. Atana Allah rəhmət eləsin, onun torpağı sanı yaşayasan!..

Gənc yazarlardan Elçin Məhərrəm, Şamil Həsənovun yığcam nəsr əsərləri, Nicat Hunalpınsa şeirləri də hamı tərəfindən hərarətlə qarşılandı və bəyənildi.

Hüquqşünas-şair Bəhman Gülövşəli AYB Mingəçevir bölməsinin xəttiylə keçən ay işıq üzü görən və sayca beşinci olan “Söz yaddaşı” almanaxının nəşr edilməsi münasibətiylə həmkarlarını təbrik edəndən sonra elə bu xoş ovqat üstündə köklənən şeiriylə də məclisə əlvan söz çalarları bəxş elədi. Özünü adətən “həvəskar şair” adlandıran Mahir Musa isə həmişəki kimi yurdumuzun gözəlliklərini vəsf edən bir şeiri ilə hamının üzünü güldürdü. Sonda bölmə rəhbəri də son günlərdə yazdığı üç şeiri ilə söz məclisinə unudulmaz anlar bəxş etdi. Söz məclisi MDU-nun dosenti tədqiqatçı-şair Mehman Rəsulovun xeyir-duaları ilə sonuclandı.