Xəyalə Sevil :- Və...

Və
Boşaltdım ürəyimin yükünü,
Yığışdırdım öz-özümə ərkimi.
Sonra keçdi hər şey,
Sonra unutdum,
Sonra xatırlayıb gülümsədim də.
Eh! "Məni zamana buraxma",- dedim,
Yüz dəfə, min dəfə dedim,
Dedim də.
Onda darıxmaqdı,
İndi xatirə.
Onda ürəkliydim,
İndi ağıllı.
Sən həmin adamsan,
Heç dəyişmədin-
Həmin oyunçusan, həmin cığallı.
İndi illərdən sonra
Bu yaşda, bu ağılda
Mən özüm dura-dura
Səni qınamağa üzüm yoxdu.
Yenə taleyin ayağına yazdım
Vəfasızlığını.
Özünü axtarma şeirlərimdə,
Mənim sənə deyiləsi
Bir kəlmə də sözüm yoxdu.