Xatirə Rəhimbəyli : - Onda yaylıqlar vardı...

Onda yaylıqlar vardı –
üstdə qız şəkilləri.
Gözəl ala gözləri,
pambıq kimi əlləri...
Ordan pərvazlanardı
oğlanların xəyalı.
O qıza bənzəyərdi
gözəllərin camalı...
Ah, o hisslər hopurdu
tarixə varaq-varaq.
Tərtəmiz duyğulardan
kiablar qalaq-qalaq...
Hər şey nağıl kimiydi,
nağıldı, nağıl ancaq!
O yaylıq uçub gedib,
o duyğular qalacaq!
Göydən üç alma düşməz,
ürəyimz çəkilər.
Xatirəmiz, eşqimiz
o yaylığa bükülər...
Qara torpağa girməz,
uçar Tanrıya sarı.
Arxasınca boylan, bax,
dikəlsin başın barı...
Gözündə əksi qalsın,
yaylıq, qız şəkilləri...
Qəmli gözləri vardı,
pambıq kimi əlləri...