Xatirə Rəhimbəyli : - "Bakı Soveti"ndən Sahil"ə doğru

"Bakı Soveti"ndən Sahil"ə doğru
Hələ də sürüyür bu qatar məni .
O zalım qatarın ardıyca qaçıb
Hələ də izləyən biri var məni ...
Taqətim olmadı tutam saxlayam ,
O tale qatarı apardı məni .
Ürəyimdən axdı çox qara qanlar ,
"Vəfalı yar olsa,tapardı məni.."
Uyuşa bilmirəm taleyə,baxta ,
Yazıq baxt üzümə ha gülür mənim ...
Mənim yaddaşımın dərd qatarında
Arxamca bir ürək yüyürür mənim ...
"Ehtiyatlı olun !" dedilər onda ,
Yəqin ehtiyatı əldən vermişəm .
Arxamca birisi yüyürür hələ,
Bu qatar geriyə qayıda ,düşəm ...
Dil topuq vurmaya ,deyəm sözümü ,
Deyəm,ürəyimdə nə var qurtara ...
Gözümün bu qansız suları bitə,
Bu yaddaş,o yüyrüş ,qatar qurtara ...
Qopara bilmir ki ,xatirələrdən ,
Çəkir çarmıxlara o qatar məni ....
O zalım qatarın ardıyca qaçıb
Hələ də izləyən biri var məni ...
10.12 .2014