Xatirə Fərəcli.: -Elə çox bənzərimiz var ki dənizlə...

Elə çox bənzərimiz var ki dənizlə
o da havalı, mən də,
dəlidir, dəlisovdur dəniz
sıxılır olduğu yerdən mənim kimi,
əl –qol atır,
uzanır sahilə,
çırpır özünü ora-bura.
Dərindir, bahiməlidir dəniz,
amansızdır,
bəzən içində basdırmağı var
içinə girənləri
boğub lazımsız əşya kimi
sahilə tullamağı var.
Ehtina etmir,
ona daş atanlara
kimin kimə daş atmağına qımışır.
Bəzən həlim, saf, məsum,
nə yükləsən götürən,
nələrin, nələrin üstünü örtüb
içinə çəkməyi var.
...Adaları
sinəsindəki dağlar
gözlərdən boy verən kədər kimi...
Elə çox bənzərimiz var ki, dənizlə...