Xanım İsmayılqızı-Bilmirsən ki, yuxusan...

Bilmirsən ki, yuxusan...
Yoxsa ki, yuxudasan...
Asılmısan azan kimi havadan,
Dua olub keçmisən
bu qatından o qata,
Bilmirsən ki, aidsən indi hansı həyata.
Səni yozanlar da var,
Səndə azanlar da var.
Səndən yazanlar da var.
Torpağın altından baxan gözlərin,
Zillənibdi buludların üstündə
dayanan ayaqlara,
Guya ki, dayaqlara.
Bu dünyanın bu başından o başına
qaçırsan,
Elə işıq saçırsan,
Elə gözəl uçursan...
Qanadların çırpılır havaların xoşuna,
Heç nə gəlmir başına.
Oynamırsan oynanılmaz havaya,
Yerləşmirsən nida boyda yuvaya,
Sancılmırsan yaxaya nişan olub,
Keçmirsən ürəklərdən
sonra unudulacaq
bir an olub.
Səni görənlər də var
üzdüyün və süzdüyün dərinlikdə,
Səni eşidən də var
susduğun ənginlikdə.
Kimlərinsə içindən köçüb gələ bilmisən,
Ölümündən çıxmısan,
Lap dirilə bilmisən.
Hamının qulağına nağıltək toxunursan.
Sənə diqqətlə baxan...
Nağıldı?..
Oxuyursan?..
Bilmirsən ki, yuxusan...
Yoxsa ki, yuxudasan...
2021