Vahid Aslan : - Yollar

Ədəbiyyat 12:47 / 30.06.2025 Baxış sayı: 1063

 

Yol var görüşdürür, yol var ayırır,

Bir ucu həsrətdi, bir ucu vüsal.

Dərəyə endirir, dağa qaldırır,

Yollar kədərlidi, yollar duyğusal.

 

Addımlar çevrilən vərəqləridi,

Oxunur xatirə dəftəri kimi.

Orda xatirələr hər vaxt diridi,

Yollar ömrümüzün köklənən simi.

 

Hərənin bəxtində bir ömür yolu,

Mənim də bəxtimə dağ yolu düşdü.

Yaşanan yaşanıb, olanlar olub,

Gəldim, yollarımla bir də görüşdüm.

 

Gəldim, mehr salım daşa-kəsəyə,

Bulaqlar oxusun – içim səsini.

Burda ehtiyacım yoxdu kimsəyə,

Dağlarla qol-boyun olsam bəsimdi.

 

Dərənin qaşında, çayın üstündə,

Uşaqlıq illərim qarşıma çıxsın.

Axtarıb izimi tapana kimi

Gözlər qəribsəsin, ürək darıxsın...

 

Gəldim, meşəsində ruhum dincələ,

Təzə-tər nəfəsə ehtiyacım var.

Məni çox sıxırdı əyri küçələr,

Nə yaxşı görüşdük a, geniş yollar!

 

... Bax, o dağdan aşıb, dərəyə ensəm,

Yaylağa çatmağa bir təpə qalır;

O kəmənd qayanın boynuna minsəm,

Göylərə,.. tək bircə mərtəbə qalır...

14.06.2025