Tofiq Əmrahov - Xatirələrdən...

YAZARLAR 13:48 / 02.07.2025 Baxış sayı: 1039

 

Allahım, dünyasını dəyişmiş atalarımıza rəhmət elə! O cümlədən mənim atama.

Bu gecə yuxuda onu gördüm, atamı. Sağlığında olduğu kimi, gözlərindən gülən Atamı...

Oyandım yuxudan. Yata bilmədim səhərə qədər. Heç yata da bilməzdim.

Çözələdim atamla bağlı xatirələri. Bir yerdə dayandım...

1986-cı il. Kəndimizdəyəm, Todanda. Rəhbər vəzifədə işləyən vaxtlarımdı. Atam mənə dedi ki, ay oğul, hər işin xoşuma gəlir, bir işdən başqa. Dedim ata, o hansı işdir elə. Dedi bala, ətrafındakılar, etibar etdiklərin dürüst adamlar deyillər. Onlar yaltaqlar, satqınlardı. Sən isə inanırsan onlara. Belə bir məsəl var "Etibar et, ancaq sonra yoxla". Sən isə etibar edirsən, yoxlamırsan. Əgər dara düşsən, səni qoyub qaçan onlar olacaq... Qulaq asırdım atama, ancaq...

****

Səhərin gözü açılmamış Respublika rəhbərliyi səviyyəsində bir qrup səlahiyyətlilər kəsdi qapımızın ağzını... Kim idi bunlar?! - Səbuhi Saleh oğlu Abdinov, Mərkəzi Komitədə Partiya Təşkilat işi şöbəsinin müdiri. Sonralar Gəncə şəhər İcra hakimiyyətinin Başçısı. Səid Malaxov MK-da inspektor. Sonralar Qax rayon Partiya komitəsinin Birinci katibi. Çoxları ona qısaca Seyid deyirdi. Qalanların adlarını sadalamıram, yalnız ünvanlarını deyirəm... Xalq Nəzarəti Komitəsi, Ali Sovet, Həmkarlar komitəsi, Kənd təs. Nazirliyi, Torpaq komitəsi, Respublika prokurorluğu və Daxili İşlər Nazirliyi... Yoxlamalar öz kəndçilərimizin "sifarişləri" əsasında təşkil olunmuşdu.

Bir neçə gün vur- çatlası ilə yoxlamalar getdi...

Atam gəlib ətrafda papirosun birini yandırıb, birini söndürürdü. Bir neçə mənə yaxın qohum əqraba isə boyun-boyuna vermişdi. Çünki Çox Böyük Mötəbər komissiya yoxlanışa gəlmişdi. Atam məni səslədi: - hanı sənin çörək verdiklərin, hanı sənin livə əlaltıların?! Niyə yanında yoxdular? Ətrafına bax, gör kimdi səni buraxmayanlar? Halbuki sənin onlara qohumdular deyə heç bir hörmətin, köməkliyin dəymirdi. Axı, mən vaxtı ilə sənə demişdim...

Yoxlamaya gələnlər isə əlləri ətəklərində, özü də boş qayıtdılar.

Maraqlısı o idi ki MK-nin Şöbə müdiri bir kəndə yoxlanışa gəlmişdi...

Allah sənə rəhmət eləsin ay Dədə, qəbrin nurla dolsun!

Ataların nəsihətlərinə qulaq asmaq övladların borcu olmalıdır.