SÜLEYMAN ABDULLANIN  ŞEİRLƏRİ

Ədəbiyyat 08:40 / 25.06.2025 Baxış sayı: 2145

GÜNÜN ŞEİRİ

Bir gül ləçəyi tək hədiyyəm olsun,

Sənin xoş gününə gələcəyim gün.

Deyirəm nə kədər, nə də qəm olsun,

Adına sevinib güləcəyim gün.

Daha yaddaşımdan sildim gileyi

Pis gündə zəhəri, şad gündə meyi.

Hər kəsi tanıdım, gördüm hər şeyi,

Bircə bilmədiyim öləcəyim gün...

Gedən ömürdəndi gəlhagəl vaxtı,

Kefin inci vaxtı, eşqin ləl vaxtı.

Olacaq dünyanın ən gözəl vaxtı,

Olanı kimləsə böləcəyim gün...

ADAMLAR

Adamı asırlar ümidlərindən,

Sonra kəndirini kəsən adamlar.

Aşkar axtarırlar səbəb ölümə,

Və gizli səbəbkar gəzən adamlar.

Olsun e...

Bir zərrə haq da var, amma,

Olur ki, yaradan olmur yar, amma...

Dar gündə üstünə coşurlar, amma,

Var gündə nanə tək əsən adamlar.

Varsan yaxşı gün də, yoxsan pis gün də,

Özün üzüldün də, məni üzdün də...

Bu göyün altında, yerin üstündə,

Bəzən Tanrı qərib, bəzən adamlar.