SÜLEYMAN ABDULLA.DAN İKİ ŞEİR

QARIŞIQ VAXTIN ŞEİRİ
İnamdır, imandır... ömrün qacıdır,
Nə bəxtdən yarıdıq, nədə ki dindən.
Bu necə ağrıdır, necə acıdır,
Keçdi canımızın şirin yerindən...
Vaxtı qarışıqdı yaxşının, pisin,
Qızılı ötübdü əyarı misin.
Meydanı genişdi indi iblisin,
Kimsə yox ayıra şeytanı cindən.
Çox vaxt sevincimiz qəmlə tən çıxır,
Dərd yeyən canımız sonda şən çıxır.
Bizim çörəyimiz qürbətdən çıxır
Parası Sibirdən, parası Çindən.
YERDƏYƏM
Əslində gülməyə qalmayıb həkət,
Kərəmi ağlamaq tutan yerdəyəm.
Biri vətən dedi, biri məmləkət,
Gen düşən torpaqdan, sudan yerdəyəm...
Kimə nə düşür ki, tərif deməkdən.
Dürüstü ayırmaq olmur da şəkdən.
Ömrümüz tükəndi kədər yeməkdən,
Zəhəri bal deyə udan yerdəyəm.
Öndə aşılmaz dağ, keçilməz dərə,
Susub ölümünü gözləyir hərə.
Elə zülmət çökdü tutqun göylərə,
Bir də ağarışmaz bu dan, yerdəyəm.