Sədaqət Kərimova : - Daha gözləməyə tabım qalmadı...

Ədəbiyyat 12:55 / 31.05.2025 Baxış sayı: 1199

Daha gözləməyə tabım qalmadı,

Yoruldum daha.

Bəxt satılan bazarda

Qiymətlər yaman baha.

Ümidlə bir anı gözlədim -

Ürəyimdə söküləcək

Danı gözlədim.

Tənhalığın dəmir barmaqlığından

Azadlığa çıxacağım anı gözlədim.

İnanmaq istədim,

Ovunmaq istədim.

Ürəyimi son ümidlə naxışladım.

Yalanları, yamanları,

Acılarla keçirdiyim zamanları

İnadıma bağışladım,

Sınan iki qanadıma bağışladım.

Özüm üçün uydurduğum

Bir nağıla inandım,

Ələrimlə qaladığım

Ocaqda özüm yandım.

Tüstülənir indi közüm,

Dolma daha, dolma gözüm,

Bitdi dözüm.