Şakir Xanhüseyn : - ÖRT ÜSTÜNÜ

Ədəbiyyat 10:01 / 23.06.2025 Baxış sayı: 1715

 

Aman, səsini ört üstünə,

sözünü,

nəfəsini ört üstünə

havalar yandırıcı soyuq,

dondurucu isti keçir...

Bir ovuc torpaqla üstünü ört,

ağrıyan başına yaş dəsmal bağla,

nə bilim, bir yarpaqla

üstünü ört...

Bax, hər an, hər an

üstünə gəlmək varkən,

qan tutmuş bir gözə görünmək varkən

üstünü ört...

Dağların qarıyla,

bir hörümçək toruyla,

ocaq qoruyla--

lap belə yox bir şeylə

üstünü ört...

Pak ağızların duasıyla,

bir gün şüasıyla--

öz haqq inancınla,

anla,

say bir, iki... dörd

və üstünü ört...