Şakir Xanhüseyn : - KARYERDƏ DAŞ ATAN OĞLAN

Ədəbiyyat 08:21 / 02.07.2025 Baxış sayı: 1056

 

(Karyerdə işləyən gənclərimizə)

Karyerdə daş atan oğlan,

bir daş at səbrə, dözümə...

Daş ağırdı, ya hər şeyi

dərd eyləyəsən özünə?

 

Hey baxırsan ayağına,

qabağa çəkib baş, kimi...

Çox vaxt yorulub yerində

qalırsan elə daş kimi...

 

Tozdan saçın ağappaqdı,

əlcəklərin, əynin tökük...

Qəlbindəki arzuların

gözündəki qəmdən ürkür...

 

Oxun daşa dəyib, bir dur,

bu həyata nə uymusan;

Məgər görmürlər əlini

daşın altına qoymusan?

 

Ağzında qum xırçıltısı,

öz üstündə əcəb gözsən;

Daş atmaqla kasıblığın

daşını ata bilməzsən...

 

Can qoyursan necə işdə,

sel olub ax, yel olub əs;

Bir daşa sözün keçər e,

daş birinə sözün keçməz...

 

A daşı daş üstə atan,

qolunda o gücün varmı;

Gəl bir uzağı hədəf seç,

gör, ora daşın çatırmı?!.