QƏLPƏLƏR - yazdı Şakir Xanhüseyn 

Ədəbiyyat 10:31 / 05.07.2025 Baxış sayı: 718

 

***

bir önəmli şəxsin fotosuna baxıb:

-siz nə qədər xoşbəxt görünürsünüz,

bu, sadəcə, dəhşətdir...

***

elə şanslı zərgər var ki,

misdən düzəltdiyini də

ondan qızıl məmulat kimi qəbul edib,

şəninə

mədhiyyələr oxuyurlar, hə...

***

baxıram bir kimsənin boynunda heç kəfən yox;

kəfənini boynuna dolayıb gəzən də çox...

***

ah, qanadlarım da varmış,

onlar nə işə yarayır, görəsən?..

***

bir səs inildəyir, yaralıdı yəqin...

***

qeybdən gələn bir səs:

-ey yer üzünün insanları,

siz cəhənnəmdə yaşamırsız,

sizə cəhənnəmi yaşadanları öyməyin,

fəxr etməyin onlarla...

***

siz qol-qola tutun, biz dal-dalayıq...

***

indicə aldığın nəfəsi

bilirsən haçan almısan?..

***

adam bəzən

elə bir söz eşitmək,

eşitmək istəyir ki,

bütün acılarına son versin.

hərdən elə bir səs eşitmək,

eşitmək istəyirsən ki,

qəlb döyüntülərinə tən gəlsin...

***

nə böyük ürəyi var ki, dağların,

göz yaşları çay-çay, bulaq-bulaqdı...

***

bəzən ona çalışırsan ki,

qəlbindəki

xatirələrin də zədə almasın...

***

qaşıq ağlayır boş qabda,

bir şey dəyməyib xeyli vaxtdı ağzına...

***

ütü qırış salmaq üçünmü...

***

bıçaq ağzını açdımı qan eylər...

***

o qapı heç açılmadısa,

elə qapalı qaldısa qapıdı...