İSMAYIL MƏRCANLI İMANZADƏ : - SARI İLAN

"RUSBAŞLI"LARIN OXUMSI MƏSLƏHƏT DEYİL!
Zülmətə bənzəyirnsənin iç qatın,
Saxta “qardaşlığın” ən böyük yalan.
Hamıya məlumdur soykökün, zatın,
Qanlı taxt-taclısan, ay sarı ilan.
Məni illər boyu dilsiz sanmısan,
Sağalmaz yaramın kökü dərində.
Yurdumu-yuvamı viran qoymusan,
Həsrətim göyərib Xudafərində.
Tarixdə “Gülüstan” harayım durur,
Qoluma vurduğun kölə qandalı.
Qəlbimdə inləyir mürgülü qürur,
Mənim taleyimdən çoxları halı...
Sən mənə nə verdin yüz altmış ildə,
Sızlayır hələ də “Türkmənçay” yaram.
Yersiz gəlişinlə bu qədim eldə,
Halal ruzumuzu eylədin haram.
İllərlə göz yaşım qəlbimə axdı,
Kim deyir ələmim, müsibətim az?
Tikanlı məftillər keçilməz dağdı,
Əlimi uzatsam Araza çatmaz.
Tapdadın haqqımı, susub ləngidim,
Talanan torpağım dişində şirə.
Sərhəd dirəkləri qanlı süngüdü,
Bütöv ürəyimi bölüb min yerə...
Cavab ver, a qansız, tarixim hanı,
Mən sənə amansız cəllad deyirəm.
Oxuya bilmirəm öz əlifbamı,
Sənin “kirilinlə” höccələyirəm.
Baxdın millətimə üstdən aşağı,
Dilim açılıbsa, ta necə susum?
İtib gəlişinlə dinim-imanım,
Qılınctək paslanıb qında namusum.
Suyum çirkab dadır, torpağım zəlil,
Bu yurd qayıdarmı bir də özünə?
Sənin “qardaşlığın” budur, yaxşı bil,
Daha kül üfürmə mənim gözümə.
Kim xeyir görüb ki, səndən həyatda,
Dişinlə didməyə məni hazırsan.
Gözümü bağlayıb, ayağım altda
“Hay”ların əliylə quyu qazırsan.
Hər gizli niyyətin tələymiş... tələ,
Çürük fəlsəfəndən leş iyi gəlir.
Bir vaxtlar yaxamı keçirdin ələ,
İndi də hay-küyün beynimi dəlir...
Sənin “qardaşlığın” zəhərdən betər,
Aldığın nəfəs də ən böyük yalan.
Xalqıma “böyüklük” etdiyin yetər,
Çəkil torpağımdan, ay sarı ilan!
noyabr,1988