İSMAYIL MƏRCANLI İMANZADƏ : - HARA QEYB OLDUNUZ, ƏRƏN KİŞİLƏR...

Ədəbiyyat 07:59 / 02.07.2025 Baxış sayı: 1040

 

Gümüşü papaqlı, boz kəhər atlı,

Cümləsi bir batman, kəlməsi dadlı,

Laydivar kürəkli, qollu-qanadlı,

Çox-çox uzaqları görən kişilər –

Qeyrətli-namuslu ərən kişilər!

 

Özgə qismətinə göz dikməzdiniz,

Heç vədə səbəbsiz qan tökməzdiniz.

Namərd qarşısında diz çökməzdiniz,

Düşmənin bağrını yaran kişilər –

Kasıba ev-eşik quran kişilər!

 

Yaltağa-yalmana gəc baxardınız,

Kasıb tapdanmazdı, harda vardınız!

Halal duz-çörəklə bəxtiyardınız,

Nəfsinin ağası olan kişilər –

El-oba qeydinə qalan kişilər!

 

Niyə qaçıb bizdən aralandınız,

Vətən, torpaq idi axı, andınız!

Kimlərin hökmüylə uralandınız,

Dost üçün canından keçən kişilər –

Dünyadan nigaran köçən kişilər!

 

Getdiniz... yurd qaldı nəfsi aclara,

İndi əl uzadan çoxdu “baclara”...

İnsanlıq girovdu ehtiyaclara,

Mizan-tərəzili, düzən kişilər –

Tüpürüb dövranın boz sifətinə,

Bu fani dünyadan bezən kişilər!

Solub-saralmamış bir yarpaq kimi

Budaqdan vədəsiz qopan kişilər,

Mərdlərin qanına hopan kişilər!

Haqqı-ədaləti bu dünyada yox,

Gedib axirətdə tapan kişilər!

01.07.2022