Ismayil Imanzadə 6- CƏBRAYILLILAR

Halal kişilərin belindən gəlib,
Təmtəmiz qanlıdır Cəbrayıllılar...
Vücudunda tərtəmiz türk qanı dövr eləyən hər bir soydaşımız kimi, bizim Cəbrayıl camaatı da zaman-zaman dünyaya göz açdıqları ata ocaqlarına bağlı insanlar olub. Bizim qəlbimizdə-Xudafərin körpülərindən, Diri, Tey, Tumasata, Ağoğlan, Gordubaba, Ziyarat...dağlarından, Gəyən, Topcaq çöllərindən, ulu yaşayış məskənlərimizdən-bir sözlə Cəbrayılın hər qarış torpağından başlayan Vətən, Qarabağın, Şirvanın, Milin-Muğanın, Naxçıvanın, Gəncənin, Qazaxın, Şəkinin, Qubanın-Qusarın, Oğuzun-Qəbələnin, Tovuzun-Gədəbəyin, Lənkəranın... timsalında böyüyərək bütövləşib.
Bir çoxları kimi mənim də xeyirxah qələm dostum olan rəhmətlik Fərman Kərimzadənin təbirincə desək, “ata-anasını çox sevdiyinə görə, adama “sağ ol!”-deməzlər. Yəni, övladın borcu valideyinlərinə sevgi-ehtiram hissi əvəzsiz olmalıdır. Bu meyarla yanaşdıqda, son iyirmi beş ildən bəri yurd nisgiliylə yaşayan bizim Cəbrayıl camaatının nə vaxtsa təzədən doğma el-obaya qayıdaraq, öləndə də o ulu məkandakı torpağa qarışmaq istəkləri həmişə olduğu kimi indi də təzə-tərdir.
Ancaq ötən illər ərzində bu istəyə qovuşmadan qəriblikdə dünyalarını dəyişən minlərlə həmyerlimiz var ki, onların nigaran ruhları Cəbrayıla,-bütövlükdə Qarabağa qayıdacağımız günlərə kimi bizi şəhidlərimizin qanları çilənən ulu yurd yerlərimizə səsləyəcəkdir.
Doğulub boya-başa çatdığım, uzun illərdən bəri yalnız yuxularımda vüsalına qovuşduğum Cəbrayılın işğal günü ərəfəsində illər öncəsi yurd savaşında şəhidliyin İmam Hüseyn zirvəsinə ucalan ərənlərimizə və sonrakı vaxtlarda ölkəmizin ayrı-ayrı bölgələrində dünyadan köçənlərimizə ulu Tanrıdan rəhmət diləyir, doğma ata elimizə qayıtmaq naminə ümidlərini öləziməyə qoymayan həmyetlilərimə isə:
-İnşallah könül paytaxtımız Cəbrayılın tacı olan Xan Çinarın dövrəsində təzədən görüşənədək!-deyir və elə bu istəklə də ata elimizə övlad sevgisiylə qələmə aldığım bir şeirimi oxucuların diqqətinə təqdim edirəm:
CƏBRAYILLILAR
Cocuq Mərcanlıdır bərəsi-bəndi,
Səslədim, Xan Çinar dil açdı, dindi.
Hacı Qaramandı, Xudafərindi -
Araz ünvanlıdır Cəbrayıllılar.
Qumlaq, Süleymanlı səsli-soraqlı,
Soltanlı dastandır-min bir varaqlı.
Həm Quycaq, Dağtumas, Balyand, İsaxlı -
Həm Mirzəcanlıdır Cəbrayıllılar.
Qeyrətli oğuldu, vəfalı yardı,
Diridə çiçəkdi, Sirikdə qardı.
Hər biri ya Kazım, ya da Şikardı -
Şərəfli-şanlıdır Cəbrayıllılar.
Dədə Qurbaninin elindən gəlib,
Gəyənin yovşanlı çölündən gəlib.
Halal kişilərin belindən gəlib -
Təmtəmiz qanlıdır Cəbrayıllılar.
Aran təbəssümlü, dağ ürəklidir,
Allah adamıdır-saf diləklidir.
Elə əzəl gündən duz-çörəklidir -
Mərddi-dostcanlıdır Cəbrayıllılar.
İsmayıl deyir, şirinimdi-acımdı,
Könül sarayımda sənət tacımdı.
Atamdı-anamdı, qardaş-bacımdı,
Böyük Mərcanlıdır Cəbrayıllılar -
Şərəfli-şanlıdır Cəbrayıllılar.
29.06.2018
P.S. İllər öncəsi yazdığım bu şeiri uzaq xarici ölkələdən birində (Kanadada) yaşayan dəyərli bir eloğlumun istəyiylə təzədən oxuculara təqdim edirəm!